13:54 13-06-2013
news_image
3135
DİGƏR NÖVLƏR

“Çox güman ki, bu idman növü proqramdan çıxarılacaq”

“Avropa Oyunlarının proqramına salına biləcək və ya çıxarılacaq idman növləri ilə bağlı müzakirələr hələ davam edir. Bu yarış ilk dəfə keçiriləcəyindən hələlik hansısa proqram yoxdur və danışıqlar bu səbəbdən uzanır”. Bunu apasport.az saytına açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva deyib.

Avropa Olimpiya Komitəsinin (AOK) nəzdində “İdmanda Qadın və Bərabərlik” Komissiyasının üzvü olan Nurullayeva 2015-ci ildə Bakıda keçiriləcək yarışın ilkin açıqlanan siyahısında 19 idman növündə dəyişikliyin olacağını istisna etməyib.

O bildirib ki, iyulun ilk həftəsində bəzi məsələlərə aydınlıq gələ bilər: “Gələn ayın əvvəlində atletika idman növünün Avropa Oyunlarında olub və ya olmayacağına tam aydınlığın gələcəyi gözlənilir. Həmçinin, həndbol da hələ sual altındadır. Çox güman bu idman növü proqramdan çıxarılacaq. Lakin bunu 100 faiz əminliklə demək olmaz. Çünki son qərar verilməyib. Əvəzində voleybolun proqramda yer alacağı 90 faiz dəqiqləşib. Beynəlxalq federasiyalar tam təsdiqlədikdən sonra bütün növlərə aydınlıq gələcək”.

Nurullayeva deyib ki, Avropa Oyunları 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiada öncəsi yarış olduğu üçün burada hansı idman növlərinin lisenziya verməsi də müzakirə mövzusudur: “Hazırda bu məsələ ətrafında da danışıqlar gedir. Bir neçə idman növü üzrə lisenziya verilməsi mümkündür. Bu həm yarışın, həm də ölkəmizin imici üçün böyük uğur hesab oluna bilər”.

MOK rəsmisi Avropa Oyunlarının keçiriləcəyi obyektlərdə tikinti işlərinin davam etdiyini, yarışa kimi hansısa problemin qalmayacağını bildirib.

Qeyd edək ki, Avropa Oyunları iyunun 12-28-də olacaq.