14:40 14-06-2013
news_image
1529
STOLÜSTÜ OYUNLAR

Olimpiya çempionu millimizdən istefa verdi

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Vladimir Tukmakov komandamızdan ayrılıb. Apasport.az saytının xəbərinə görə, bunu ukraynalı olimpiya çempionunun özü açıqlayıb.

“Mən artıq bu komandanın məşqçisi deyiləm. Ukraynada olduğu kimi - liderlərə əvəzləyici hazırlanması ilə bağlı konkret proqram təklif etdim. Burada da vəziyyət eynilə təkrarlandı, qəbul olunmadı. Yalnız bizim inkişafla bağlı stimulumuz Elistadakı qələbə, Azərbaycanın isə 2016-cı ildə Bakıda keçiriləcək Olimpiada olmalıdır” – deyə, Tukmakov bildirib.

Sabiq kapitanın sözlərinə görə, Azərbaycan yığmasının vəziyyəti Ukrayna millisindən daha çətindir: “Orada ehtiyat qüvvə yoxdur. Çox güclü 3 şahmatçı vardı. Ancaq Vüqar Həşimovun səhhətində ciddi problem yarandı. Onun həmişəlik, yoxsa bir müddətlik fasilə götürdüyü hələ aydın deyil. Beləliklə, indi Azərbaycanda dünya elitasının 2 oyunçusu və 3 pis olmayan qrossmeysteri var. Onlar dünya “100-lüyü”nə yaxın mövqedədirlər. Belə komanda ilə yüksək yerlər uğrunda mübarizə aparmaq çox çətindir”.

Qeyd edək ki, 2011-ci ilin aprelindən yığmamıza kapitan təyin olunan Tukmakov SOCAR klubundakı işini davam etdirəcək.