15:04 14-06-2013
news_image
1788
STOLÜSTÜ OYUNLAR

Vladimir Tukmakov: Azərbaycanda ehtiyat qüvvə yoxdu - MÜSAHİBƏ

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Vladimir Tukmakov Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, tanınmış qrossmeyster yığmamızdan gedişinin səbəblərindən, komandamızın potensialından və işini davam etdirəcəyi SOCAR klubunun planlarından danışıb.

- Hazırda niyə Azərbaycanda işləmirsiz?
- Mən onu ehtimal edirəm ki, siz başqa şey soruşmaq istəyirdiz. Yəni, mən niyə Ukraynada deyiləm? (gülür). Elə isə sizi çətinliyə salmayıb, birbaşa cavab verəcəm: mənim gedişim prinsipial qərar idi. Daha Azərbaycanın mənə etdiyi təklifdən imtina edə bilməyəcəyimin nəticəsi yox.

- Sizə öncə Azərbaycanın Super klubu olan SOCAR-ın kapitanlığını təklif etdilər?
- Bəli. Mən bunu ideal vəhdət sayırdım – Ukrayna millisinin baş məşqçisi olmaq və SOCAR-ın kapitanlığını yerinə yetirmək.

- Maddi vəziyyətin yaxşılığı və vətənpərvərlik hissləri də ideal vəhdət idi?
- Hesab edirəm ki, mən öz yerimdə idim. Bu iş mənim xoşuma gəlirdi. Olimpiadada ikinci qələbəmizdən sonra Ukraynada şahmatda çox pis vəziyyəti yaxşılaşdırmaqla bağlı ideal psixoloji anın gəlib çatdığını hiss etdim. Əgər indi yoxsa, bəs nə vaxt? Hazırkı liderlərə əvəzləyici hazırlanması ilə bağlı konkret proqram təklif etdim. Sonda proqramımın heç bir bəndi federasiya və onun yeni prezidenti tərəfindən qəbul olunmadı. Tezliklə isə mənə Azərbaycan Şahmat Federasiyasından dəvət gəldi.

- Azərbaycan millisinin potensialını yüksək qiymətləndirirsiz?
- Əvvəl ondan başlayaq ki, mən artıq bu komandanın məşqçisi deyiləm. Ukraynadakı vəziyyət eyniylə təkrarlandı. Yalnız bizim inkişafla bağlı stimulumuz Elistadakı qələbə, Azərbaycanın isə 2016-cı ildə Bakıda keçiriləcək Olimpiada olmalıdır. Özü də azərbaycanlıların vəziyyəti Ukrayna millisindən daha çətindir. Orada ehtiyat qüvvə yoxdur. Çox güclü 3 şahmatçı vardı. Ancaq Vüqar Həşimovun səhhətində ciddi problem yarandı. Onun həmişəlik, yoxsa bir müddətlik fasilə götürdüyü hələ aydın deyil. Beləliklə, indi Azərbaycanda dünya elitasının 2 oyunçusu və 3 pis olmayan qrossmeysteri var. Onlar dünya “100-lüyü”nə yaxın mövqedədirlər. Həmin şahmatçıların arxasınca isə ümumiyyətlə heç kim yoxdur. Belə komanda ilə yüksək yerlər uğrunda mübarizə aparmaq çox çətindir. Mənim tərəfimdən 2016-cı ilə kompleks hazırlıqla bağlı təklif olunan proqram rəhbərlik tərəfindən qəbul olunmadı.

- Klub komandasının kapitanı ilə millinin məşqçisinin arasında fərq varmı?
- Bəli. Baş məşqçi idealda daim öz yetirmələri ilə işləməlidir. Kiməsə məsləhətlə kömək etməli, kiməsə məşq prosesini daha yaxşı təşkil edib, oyuna və hazırlığa lazımı düzəlişlər etməlidir. Turnirlər isə yalnız özünəməxsus yekun vurmaq, hazırlıq işinin düzgün olmasını yoxlamaqdır. Həmin “SOCAR”ın belə götürəndə ildə 1 yarışı olur – klublararası Avropa çempionatı. Onun startına bir neçə gün qalmış artıq yarışın keçiriləcəyi yerdə yığışırıq. Axı bizim klub mübaliğəsiz ulduzlar yığmasıdır ki, orada yalnız 3 azərbaycanlı var. Topalov, Karuana, Kamski, Rəcəbov, Məmmədyarov, Vanq Hao, Giri kimi top oyunçularda həddən artıq sıx təqvim var. Komandanın təlim-məşq toplanışına vaxtı qalmır. Buna görə də əsas yüklənmə çempionatın özünə düşür. Bununla əlaqədar boş vaxtım indi xeyli çoxdur.

- Bəs yığmanın baş məşqçisi olmaq nə deməkdir?
- Bu funksiya məşqdən daha çox kapitanın vəzifələrinə uyğun gəlir. Özünüz mühakimə yürüdün. Ukrayna millisində 5 ekstra səviyyəli oyunçu var. Mən onların hər birinə ayrılıqda fiziki cəhətdən necə kömək edə bilərəm? Bunun üçün ensiklopedik biliklərə və əhəmiyyətli vaxt ehtiyatına malik olmalısan. Buna görə də kapitan ilk növbədə komandanın turnirə heyətini müəyyənləşdirir.

Sport Ekspress
Ukrayna