15:39 18-06-2013
news_image
814
DİGƏR NÖVLƏR

Yığmamız Avropa çempionatına İtaliyada hazırlaşacaq

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası bu il avqustun 5-dən 11-dək Avstriyanın paytaxtı Vyanada Avropa çempionatında mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, 2011-ci ildə İtaliyanın Kataniya şəhərində keçirilən qitə birinciliyində uğurlu çıxış edərək, I yeri tutmaqla “Trofi” yarışlarına vəsiqə qazanan yığmamız 2 ildən bir təşkil olunan yarışda debütüncə yüksək nəticə göstərmək arzusundadır.

Bu məqsədlə yığmamız bir həftəlik təlim-məşq və yoxlama oyunları keçirmək üçün İtaliyaya yola düşüb. Millimiz Romada məşq etməklə yanaşı, iyunun 20-də, 22-də və 23-də Vyanada digər qrupda çıxış edəcək apenninlilərlə qarşı 3 sınaq görüşü keçirəcək. Baş məşqçi Saleh Hüseynov və məşqçilər korpusu bu oyunlardan və iyulun əvvəllərində Polşada keçirilməsi planlaşdırılan təlim-məşq toplanışından sonra Avropa çempionatında mübarizə aparacaq optimal heyəti müəyyənləşdirəcək.

Qeyd edək ki, çempionatda millimizin A qrupundakı rəqibləri Fransa, Şotlandiya və Uels olacaq. B qrupunda yer alan italiyalılar isə Rusiya, Ukrayna və Avstriya hokkeyçiləri ilə yarışacaqlar.