23:25 18-06-2013
news_image
843
FUTBOL

İspaniya yenə Avropa çempionu oldu

İsraildə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, finalda İspaniya milli komandası ilə İtaliya yığması üz-üzə gəlib.

Yerusəlim şəhərinin “Teddi” stadionunda baş tutan görüşdə Priney təmsilçiləri 4:2 hesabı ilə qələbə qazanaraq, titulunu qorumağı bacarıb.

Matçda İspaniyanın və “Barselona”nın yarımmüdafiəçisi Tiaqo Alkantara 38 dəqiqəyə het-trik edib. Çempionların digər qolunu isə “Malaqa”nın ulduz futbolçusu İsko vurub. “Skuadra adzurra”nın heyətində Çiro İmmobile və Fabio Borini fərqlənib.

Bununla da, İspaniya ardıcıl 2-ci, ümumilikdə isə 4-cü dəfə qitə birinciliyinin qalibi olub.

Qeyd edək ki, 5 matçda 4 top vurmuş İspaniyanın hücumçusu Alvaro Morata yarışın ən yaxşı bombardiri adına layiq görülüb.

Avropa çempionatı
Final
18 iyun

İtaliya U-21 - İspaniya U-21 - 2:4
İmmobile, 10, Borini, 80 - Alkantara, 6; 31; 38, İsko, 66