22:41 20-06-2013
news_image
1466
DÖYÜŞ NÖVLƏRİ

Türkan Nəsirova bürünc medal qazandı - YENİLƏNİB

Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəkidə qızlar mübarizəyə qoşulub.

38 kq
Bu çəkidəki təmsilçimiz Ülkər Babayeva 1/4 finaldan mübarizəyə başlayıb. Ancaq güləşçimizin çıxışı uğurlu alınmayıb. Həmyerlimiz təsəlliverici görüşə qatılıb. Polşa güləşçisi ilə gərgin keçən təsəlliverici döyüşündə 12:9 hesabı ilə qalib gələn Babayeva bürünc medal şansını davam etdirib. Həlledici görüşdə rəqib Norveç təmsilçisi olub. Güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.

43 kq
Türkan Nəsirova Rusiya təmsilçisi ilə ilk görüşündən məğlub ayrılıb. Ancaq rəqib güləşçi finala yüksəldiyindən təmsilçimiz bürünc medal şansı əldə edib. Avropa çempionatının bürünc medalını qazanmaq üçün Nəsirova bolqar güləşçisini üstələməli idi. Təmsilçimiz bu işin öhdəsindən layiqincə gəlib - (2:0, 6:4).

49 kq
Şəbnəm Əhmədova 1/8 finaldakı rəqibi Ukrayna güləşçisi ilə görüşdən məğlub ayrılıb. Növbəti mərhələdə rəqib də məğlub olduğundan həmyerlimiz medal şansını itirib.

56 kq
Ləman Qurbanova da 1/8 finaldan mübarizəyə başlayıb. Türkiyə güləşçisinə məğlub olan Ləman Qurbanova mübarizəni erkən dayandırıb.

65 kq
Anita Kələntərova ilk görüşünün bolqar güləşçi ilə üz-üzə gəlib. 0:4 hesablı qələbə qazanan təmsilçimiz 1/4 finalda Belarus güləşçisi ilə qarşılaşmadan məğlub ayrılıb. Rəqib isə növbəti görüşdə uduzub, Anita çempionatı medalsız başa vurub.

Xatırladaq ki, yığmamız Avropa çempionatına böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın başçılığı altında 8 qız güləşçi ilə yollanıb.