10:59 21-06-2013
news_image
1309
DÖYÜŞ NÖVLƏRİ

“Çempion olmalıydıq” - FOTOSESSİYA

Çernoqoriyanın Bar şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında komanda hesabında çempion olan Azərbaycan sərbəst güləş yığması Vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionlarını Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılayıblar.

Yeniyetmələrdən ibarət sərbəst güləş komandasının böyük məşqçisi Əsgərxan Novruzov çempionat barədə təəssüratlarını bölüşərkən bunları deyib: “Çempionata yaxşı hazırlaşmışdıq. Ötən il analoji yarışda komandamız ikinci olmuşdu. Bu il hədəfimiz çempion olmaq idi. Buna nail olduq. Yüksək hazırlıq prosesi keçmişdik. Federasiya rəhbərliyi tərəfindən komandanın hazırlığı üçün bütün istəklərimiz nəzərə alınır, dərhal yerinə yetirilirdi. Bu cür diqqətin və qayğının təzahürü də belə olmalıydı – çempion olmalıydıq. Ümidləri doğrultduğumuz üçün sevincliyik. Güləşçilərimiz də çox yaxşı çıxış etdilər. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiklərinə görə bu nailiyyəti əldə edə bildik. Bütün komanda üzvlərinə təşəkkür edir, güləş azarkeşlərini təbrik edirəm”.

Xatırladaq ki, Avropa çempionatında yeniyetmə sərbəst güləşçilərimiz 4 qızıl, 4 bürünc medal qazanaraq 75 xalla Avropa birincisi olub, ikinci yeri Rusiya (74 xal), üçüncü yeri isə Urkayna (61 xal) komandası tutub.