23:30 23-06-2013
news_image
2367
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatı: 1 qızıl, 1 gümüş və 1 bürünc medal - YENİLƏNİB

Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışların son günündə yunan-Roma güləşi üzrə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində pəhləvanlar qüvvəsini sınayıb.

54 kq
Niyazi Məmmədov ardıcıl olaraq Xorvatiya (7:2) və İtaliyadan (6:2) olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinal görüşü təmsilçimiz üçün uğurlu alınmayıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimizin rəqibi Rusiya təmsilçisi olub. Rəqibini (11:7) üstələyən güləşçimiz fəxri kürsüdə yer ala bilib.

63 kq
1/8 final mərhələsindən mübarizəyə başlayan Sənan Əlimirzəyev bütün rəqiblərindən üstün olub və finala yüksəlib. İsrail təmsilçisini (8:3), macar güləşçini (7:0) və Serbiyadan olan rəqibini (7:0) mübarizərədən kənarlaşdıran pəhləvanımızın finalda rəqibi Ukrayna idmançısı olub. İnamla mübarizə aparan Sənan Əlimirzəyev qızıl medala sahib olub.

76 kq
İslam Abbasov da finala qədər maneəsiz irəliləyib. Buna qədər o, gürcü rəqibini (9:1), bolqar güləşçisini (7:0) və Rusiyalı rəqini (10:2) arxada qoyub. Final qarşılaşmasında rəqib Almaniya təmsilçisi olub. Ancaq bu dəfə güləşçimiz gümüş medalla kifayətlənib.

46 kq
İlk görüşündə gürcü rəqibi ilə mübarizədən məğlub ayrılan Namaz Rüstəmov çempionatı medalsız tamamlayıb.

100 kq
Adambek Şidukovun Türkiyə təmsilçisi ilə gərgin keçən ilk görüşündə hesab bərabər (2:2) olsa da qələbə rəqib güləşçiyə verilib, təmsilçimiz mübarizəni erkən dayandırıb.

Beləliklə, Avropa çempionatında mübarizə aparan yunan-Roma güləşçilərimiz ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Komanda hesabında Rusiya birinci, Azərbaycan güləşçiləri ikinci sırada qərarlaşıb. Üçüncü yeri Ermənistan yığması tutub.