19:03 23-06-2013
news_image
998
DİGƏR NÖVLƏR

İdmançılarımız Dünya Kubokunda medalsız qaldı

Böyük Britaniyanın paytaxtı Londondakı “Eton Dorney” Mərkəzində akademik avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, nüfuzlu yarışda Azərbaycanın 2 dueti əsas finalda çıxış edib.

2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti finişə 6 dəqiqə 16,63 saniyəyə çataraq, 4-cü yeri tutub. Halbuki yürüşün 1500 metrlik bölümünü keçərkən, onlar 3-cü olublar. Lakin yekunda təmsilçilərimiz bürünc medal qazanan böyük britaniyalı Bill Lukas - Mett Lanqridc cütlüyündən cəmi 0,22 saniyə geri qalıblar. Yeni zelandiyalı Maykl Arms - Robert Menson dueti 6 dəqiqə 13,78 saniyə nəticə ilə 1-ci, almaniyalı Erik Knittel - Ştefan Krüger dueti isə 6 dəqiqə 15,05 saniyə göstərici ilə 2-ci olub.

2 nəfərsiz sükansız qayıqda yer alan Luka Dordeviç - İqor Luçiç dueti isə həlledici yürüşdə 6 dəqiqə 42,11 saniyə nəticə ilə 6-cı olub. Bu yürüşdə də 1-ci yeri yeni zelandiyalı duet tutub. 6 dəqiqə 16,01 saniyəyə finişə çatan Erik Mürrey - Hemiş Bond cütlüyü ən yaxın izləyicisi - polşalı Voytsex Qutorski - Yaroslav Qodek duetini 15,73 saniyə qabaqlayıb. 3-cü yeri 6 dəqiqə 32,81 saniyə nəticə ilə rumıniyalı İonel Strunqaru - Florin Kuruya dueti tutub.

2 nəfərlik qoşa avarlı qayıqda yer alan daha bir duetimiz - İvan Antov - Aleksandr Kornilov cütlüyü B finalında (7 - 12-ci yerlər) 7 dəqiqə 6,93 saniyə nəticə ilə ümumi sıralamada 10-cu olub. 1 nəfərlik yüngül çəkili qayıqla mübarizə aparan Fərid Saadov isə C finalında (13 - 18-ci yerlər) 7 dəqiqə 47,28 saniyə nəticə göstərərək, yekunda 14-cü yeri tutub.