19:09 06-07-2013
news_image
1199
DÖYÜŞ NÖVLƏRİ

“Qəbələ” və “Fənərbaxça” nümayəndələri arasında mətbuat konfransı keçirilib

Bu gün “Qafqaz Sport” otelində boks üzrə “Qəbələ” və “Fənərbaxça” idmançılarının çəkiölçmə mərasimi keçirilib. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mərasimdən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib.

Konfransda “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov, “Fənərbaxça” İdman Klubunun boks bölməsinin rəhbəri Mərt Öztəməl, “Qəbələ” boks komandasının kubalı baş məşqçisi Lazaro Martines və “Fənərbaxça”nın boks komandasının baş məşqçisi Süleyman Öztürk iştirak edib.

İlk öncə suallar Fariz Məmmədova verilib. O, “Fənərbaxça” ilə görüşün təşəbbüskarının kim olduğunu açıqlayıb: “Fənərbaxça” ilə sıx əlaqələrimiz var. Onlar tərəfindən bizə deyilmişdi ki, əgər dəvət olunarıqsa, ölkənizə təşrif buyurarıq. Açığı, bu oyunun keçirilməsi təşəbbüsü Türkiyənin beynəlxalq dərəcəli hakimi Kibar Tatar tərəfindən bizə irəli sürüldü. Biz də məmnuniyyətlə bu görüşü keçirməyə razılıq verdik. 5 aydır ki, boks bölməmiz yaradılıb. Boksçularımız bir yerdə məşq etdiyim uşaqlar idi. Bəziləri ilə məşqlər zamanı sınaqçı rəqib olmuşdum. Onlar buna qədər heç bir klubun şərəfini qorumayıb. Biz yeni baş məşqçimiz ilə 1 illik müqavilə bağlamışıq. Ancaq yaxşı nəticə göstərərsə, gələcəkdə müqaviləsinin müddətini artıra bilərik”.

3 dəfə ayrı-ayrı vaxtlarda yetirməsi olimpiya çempionu olan kubalı baş məşqçi Lazaro Martines isə ölkəmizə gəlməkdən məmnun olduğunu və burda istedadlı boksçuların olduğunu bildirib: “Mən bu komandaya yeni təyin olunmuşam. Çox istedadlı boksçularımız var. Çox həvəslidirlər. İlk dəfədir ki, belə psixoloji cəhətdən möhkən komanda görürəm. Əvvəllər bu komandada çoxlu işlər görülüb. Biz də bu işi davam etdirəcəyik. Biz Braziliyada keçiriləcək olimpiadaya boksçu vermək istəyirik. Fariz Məmmədova gəlincə, dekabrda o, Almaniya çempionu ilə döyüşəcək. Bu döyüş Azərbaycanda keçiriləcək”.

“Fənərbaxça”nın boks bölməsinin rəhbəri Mərt Öztəməlin sözlərinə görə, Türkiyədə boksa maraq olmadığından yerli KİV bu görüşü işıqlandırmayacaq: “Bugündən etibarən “Qəbələ” klubunu qardaş klub élan edirik. “Qəbələ” “Fənərbaxça” kimi çoxlu pul yatırımları edir. Ona görə də belə yoldaşlıq görüşləri keçirmək lazımdır. Bizim Kəmaləddin Heydərovla yaxşı əlaqələrimiz var. Gələcəkdə də bu əlaqələrdən yararlanmaq istərdik. Ağası Ağagüloğlu mənim boksçum olub. Biz ona Türkiyədə olduğu vaxt çox yaxşı baxmışdıq. Görünür, Türkiyədən sıxıldı və Azərbaycana qayıtdı. Onun sabah bura gəlməyini istərdim”.

Süleyman Öztürk isə öz növbəsində bu görüşün hər iki ölkə idmanı üçün xeyirli olacağını söyləyib: “Bizim idmançılarımız rəqibi heç vaxt kiçiltməz. Bu üzdən elə sanmayın ki, boksçularımız daha az təcrübəsi olan rəqibimizə yuxarıdan aşağı baxacaq. Biz hər döyüşə ciddi yanaşırıq. Yoldaşlıq görüşü olduğuna görə, heç-heçə olacaqmı? Biz var-gücümüzlə döyüşəcəyik. Gələcəkdə “Fənərbaxça”da azəri boksçunun olması mümkündür. Ancaq hələ ki yerli aşağı yaş qruplarında çıxmış idmançılarımıza güvənirik”.

Səbuhi TOFİQOĞLU