08:37 08-07-2013
news_image
1077
DİGƏR NÖVLƏR

Azərbaycan idmançısı Kral Reqatasının qalibi oldu

Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov tarixi uğura imza atıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı idmançımız Böyük Britaniyanın paytaxtı Londonda 1839-cu ildən keçirilməyə başlayan Henli Kral Reqatasının ("Henley Royal Regatta”) qalibi olub.

O, nüfuzlu yarışa xüsusi dəvət əsasında qatılıb və kişilər arasında Açıq Yarış kateqoriyasının "The Diamond Challenge Sculls” ("Brilyant Çağırış Avarları”) növündə çıxış edib. "Kür” klubunun üzvü mübarizəyə təsnifat mərhələsindən qoşulub. Avarçəkənimiz əvvəlcə yeni zelandiyalı 3 qat dünya çempionu Dankan Qrantla yarışıb. Finişə rəqibindən tez - 8 dəqiqə 7 saniyəyə çatan təmsilçimiz ¼ finala yüksəlib. Növbəti mərhələdə o, daha bir yeni zelandiyalı – 5 qat olimpiya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Meyh Drizdeyllə ötüşüb. Avarçəkənimiz son olimpiadanın finalından fərqli olaraq, bu dəfə Drizdeyldən üstün olmağı bacarıb. O, finişə 7 dəqiqə 41 saniyəyə çatıb. Aleksandrovun yarımfinaldakı rəqibi isə sloveniyalı olimpiya və 3 qat dünya çempionu Luka Şpik olub. Bu dəfə də avarçəkənimiz 7 dəqiqə 50 saniyə nəticə ilə qalib gələrək, finala adlayıb. Nəhayət, həlledici yürüşdə Aleksandrov böyük britaniyalı, 2012-ci il London Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurmuş Alan Kempbellə yarışıb. Bu dəfə isə avarçəkənimiz ən yüksək nəticə - 7 dəqiqə 30 saniyə göstərərək, qalib adını qazanıb.

Henli Reqatası dünyada akademik avarçəkmə üzrə ən məşhur və nüfuzlu yarışlardan sayılır. Burada iştirak istənilən avarçəkənin karyerasında ən mühüm mərhələ sayılır, qələbə isə olimpiya çempionluğuna bərabər tutulur. İlk dəfə Henli reqatası milli və beynəlxalq avarçəkmə federasiyalarının əsası qoyulmamışdan xeyli əvvəl keçirilib. Ona görə də bu reqata onların səlahiyyətində deyil, amma elə bu qurumlar tərəfindən rəsmən tanınıb və unikal qaydalara malikdir. London ətrafındakı Henli şəhərciyində keçirilir. Orada Temza 2 km-dən də çox körfəz yaradaraq, buranı yarışlar üçün ideal məkana çevirir.

İlk dəfə Henli reqatası cəmi 1 gün sürüb. Lakin illər keçdikcə iştirakçıların sayı daim artıb və yarış günlərinin də sayı çoxalıb. Hazırda bu reqata 5 gün davam edir, reqataya bir həftə qalmış isə təsnifat yürüşləri də keçirilir. Yarışın son günündə, daha dəqiqi, iyulun ilk bazar günündə bütün finallar təşkil olunur. 1851-ci ildən Henli reqatası şahzadə Albertin, sonra isə vəliəhdin özünün himayədarlığı altında keçirilib. Bu səbəbdən, Kral Reqatası statusu alıb. Yalnız I və II Dünya müharibələri vaxtı baş tutmayan reqata qalan vaxtlarda hər il olub.

Bundan başqa Henli Reqatası hazırda ölkənin ən əlamətdar ictimai hadisələrindən sayılır. Bura kral ailəsi, habelə, cəmiyyətin ali təbəqəsinin baş çəkməsi mütləqdir. Hətta özünəməxsus geyim forması mövcuddur. Bu, xüsusən, Kral Tribunasına yaxın yerlərə bilet alanlara aiddir. İyuldakı istiliyə baxmayaraq, xanımlar uzun donda (yubkada yox) və yaxşı olardı ki, kiçik şlyapa, centlmenlər isə uzun qollu köynək və ya kostyum, mütləq qalstuk geyinməlidirlər. Qalan qonaqlar isə reqataya istənilən geyimdə gələ bilərlər. Hətta bilet almaq mütləq deyil. Çay sahilində hamıya yer çatır. Tamaşaçıların çoxu isə parapetdə oturaraq, ayaqlarını sərin Temza çayına salır və söhbət edirlər.

Temza sahili avarçəkmə klubları arasında sahələrə bölünür. Həmin sahələrə yalnız klub üzvləri və qonaqların girişinə icazə verilir. Bununla belə, tədbir bütün arzu edənlərin də üzünə açıqdır. Henli Reqatası əbəs yerə qeyri-rəsmi olaraq, Avropanın ən böyük pikniki adını qazanmayıb.

Bu reqatada məsafənin uzunluğu 1 mil 550 yarda (2112 metr) bərabərdir ki, bu da standart beynəlxalq məsafədən 112 metr çoxdur. Digər fərq isə burada yalnız 2 yürüş cığırından istifadədir. Ona görə də hər bir start yüksək tezliklə verilir. Startın verildiyi Xram adalarında 1771-ci ildə Ceyms Vayttın inşa etdirdiyi kilsə hər zaman turistlərin üzünə açıqdır. Habelə, Henlidə Su və Avarçəkmə Muzeyi açılıb. Orada yarışın tarixi əyani vəsaitlərlə əks olunub.