16:56 15-07-2013
news_image
1098
DİGƏR NÖVLƏR

Yığmamız Avropa çempionatına 18 idmançı ilə yollanır

İyulun 22-dən 28-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandasının Fransanın Camrai şəhərinə yollanacaq heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2011-ci ildə koreyalı məşqçilərin rəhbərliyi ilə iki ildən bir keçirilən qitə birinciliyində uğursuz çıxış edərək yüksək dəstəni tərk edən yığmamız yenidən elitaya qayıtmağa çalışacaq.

Baş məşqçi Adil Paşayevin rəhbərliyi altında yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün mübarizə aparacaq hokkeyçilərimiz A qrupunda Fransa (22 iyul), Ukrayna (24 iyul) və Litva (25 iyul) komandaları ilə görüşəcək. B qrupunda isə İtaliya, Rusiya, Polşa və Avstriya hokkeyçiləri yarışacaqlar.

İlkin mərhələ başa çatdıqdan sonra – iyulun 27-də qrup qalibləri digər qrupun ikincisi ilə qarşılaşacaqlar. Həmin oyunlarda qələbə qazananlar finala çıxmaqla yanaşı, növbəti Avropa çempionatında elitada mübarizə aparmaq hüququ əldə edəcəklər. Bu üzdən iyulun 28-də keçiriləcək görüşlər formal xarakter daşımaqla iştirakçıların yekun yerlərini müəyyənləşdirəcək.

İyulun 19-da səhər Bakı–İstanbul–Brüssel təyyarə reysi ilə səfərə yollanacaq qadın otüstü hokkeyçilərdən ibarət milli komandamız yarış yerinə Brüsseldən avtobusla gedəcək. Millimiz qitə birinciliyinə 18 idmançı ilə yollanıb: qapıçılar Viktoriya Şahbazova, Səadət Nuriyeva, müdafiəçilər Əminə Müzəffərova, Zoya Lebedyuk, Alyona Karas, Feruza Makayeva, yarımmüdafiəçilər Xatirə Əliyeva, Lyüdmila Çequrko, Yuliya Muradi, Tatyaniya Kiyaniçenko, Gülər Aydınlı, Nərgiz Novruzova, Tamella Əlivəliyeva, Xalidə Zeynalova, hücumçular Lyubov Drujinina, Fəridə Məmmədova, Anastasiya Tsıqanskaya və Amaliya Həsənova.