15:35 16-07-2013
news_image
1695
DİGƏR NÖVLƏR

Fariz Yusifov Polşadan səsləndi: Azərbaycanda məşq etmək çətindir

“Biz Polşaya 15 günlüyünə gəlmişik. 5 ildir ki, Azərbaycan çempionatı qurtaran kimi ölkə xaricində hazırlıq keçirik”. Apasport.az saytının məlumatına görə, bunu sabiq FİFA referisi Fariz Yusifov deyib.

Azərbaycanlı hakimlər iyulun 11-dən etibarən Polşada hazırlıq keçir. 36 ədalət təmsilçimiz hazırda Sileziya bölgəsindədir. Onlar Polşanın cənubundakı Visla qəsəbəsində qalır və daha çox yerli aşağı dəstə klublarının yoxlama oyunlarını idarə etməklə məşğuldurlar. Bu isə polşalı həmkarlarımızın diqqətini çəkib.

Bu yaxınlar San-Marinodakı Avroliqa oyununda 4-cü hakim kimi təyinat alan Fariz Yusifov onları maraqlandıran suallara cavab verib: “Əvvəllər biz Türkiyə və Sloveniyada hazırlıq keçirdik. Ancaq bu il biz Polşaya gəldik və bundan da məmnunuq. İlk növbədə bizə hava durumu uyğun gəldi. Çünki indi bizdə kölgədə 40 dərəcə isti var. Ona görə də Azərbaycanda məşq etmək çətindir. Sizdə isə gündə 3 dəfə hazırlıq keçmək olur. Bizdə də oyunlar keçirmək üçün yaxşı meydançalar var. Ancaq bizim ölkədə yeni mövsümün başlaması üçün böyük ara var. Çempionat avqustun 3-də başlayacaq”.

41 yaşlı Yusifov Polşa komandalarının oyununu pulsuz idarə etmələrindən, burda öz vəsaitləri hesabına hazırlıq keçmələrindən də danışıb. O, həmçinin yerli oyunçularla anlaşmalarından da danışıb: “Sizin oyunçularla ünsiyyət qurmaq bir az çətindir. Ancaq bu müddətdə anlaşmaya görə hər hansısa bir problemlə üzləşməmişik. Əsas mənim xoşuma gələn isə köməkçilərdir. Onlar özlərini oyunda “hiss etdirmir”, xüsusən əsas qərarları verən zaman”.