14:00 18-07-2013
news_image
900
DİGƏR NÖVLƏR

İdmançımız 2 tarixi nailiyyət ərəfəsində

Ölkəmizin 17 yaşlı akademik avarçəkəni Boris Yotov tarixi nailiyyətlərə imza atmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, Yotov ölkəmizə 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazandırmış idmançıya çevrilə bilər. Hələlik heç bir idmançımız gələn il Çinin Nankin şəhərində keçiriləcək olimpiadada iştirak hüququnu təmin etməyib. Yotov bunu bacarsa, həm də ölkəmizin yeniyetmələr olimpiadası tarixində akademik avarçəkmə növündə ilk təmsilçisi olacaq.

Bütün bunlardan ötrü vunderkindimiz 7 – 11 avqustda Litvanın Trakay şəhərində keçiriləcək yeniyetmələr arasında dünya çempionatında 1 nəfərlik qayıqla (JM1X) yürüşdə əsas finaladək irəliləməyi, başqa sözlə, ilk "6-lığ”a düşməyi bacarmalıdır. Yotovun qarşıya qoyulan məqsədə çatmaq üçün hər cür imkanı var. O, akademik avarçəkmə üzrə millimizin baş məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında Avropanın müxtəlif ölkələrində hazırlıq keçib. Hazırda Yotov və komanda yoldaşları Almaniyanın Münhen şəhərində təlim-məşq toplanışındadır.

Digər tərəfdən, avarçəkənimiz qarşıdakı dünya çempionatına Avropa çempionu statusunda qatılır. Yotov 25-26 mayda Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatının qalibi olub. O, 1 nəfərlik qayıqla final yürüşündə finişə 6 dəqiqə 57,445 saniyəyə çataraq, qitə çempionluğu əldə edib.

Ardından Yotov gücünü böyüklərin mübarizəsində sınayıb. O, məşhur akademik avarçəkənimiz Aleksandr Aleksandrovla birgə Dünya Kubokunun II mərhələsində çıxış edib. Yotov – Aleksandrov dueti 2 nəfərlik qoşa avarlı qayıqla yürüşdə finaladək irəliləməyi bacarıb. Onlar həlledici yürüşdə finişə 6 dəqiqə 16,63 saniyəyə çataraq, 4-cü yeri tutub.

Trakaydakı məsul yarışın startından cəmi 2 həftə öncə isə Yotov gücünü 23 yaşadək avarçəkənlər arasında dünya çempionatında sınamaq niyyətindədir. O, 24 – 28 iyulda Almaniyanın Lints şəhərində keçiriləcək çempionatda İvan Antovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla mübarizə aparacaq.

Qeyd edək ki, daha öncə iyulun 7-də Aleksandr Aleksandrov Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş və 174 illik tarixə malik Henli Kral Reqatasında ("Henley Royal Regatta”) elə ilk cəhddəcə qızıl medala layiq görülüb. Aleksandrov həm də böyüklər arasında keçirilən olimpiadaya müstəqil Azərbaycan idmanı tarixində akademik avarçəkmə növündə ilk lisenziyanın müəllifi sayılır. O, 2012-ci il London Yay Olimpiya Oyunlarına 2011-ci il sentyabrın 3-də vəsiqə qazanıb.