15:55 30-07-2013
news_image

Dünya Taekvondo Federasiyasının prezidenti Bakıya gəlib

Dünya Taekvondo Federasiyasının (DTF) prezidenti doktor Çunq Von Ço Bakıya növbəti səfərə gəlib. Azərbaycan Taekvondo Federasiyasından (ATF) apasport.az saytının verilən məlumata görə, qonaq növbəti 4 ildə DTF rəhbəri seçilməsindən sonra ölkəmizə səfəri zamanı ATF prezidenti və DTF-in vitse-prezidenti Kəmaləddin Heydərovla görüşüb.

Federasiya rəhbərləri qarşıdakı perspektivlər barədə ətraflı söhbət ediblər. DTF-in digər vitse-prezidenti, misirli Əhməd Fouli də paytaxtımıza gələn nümayəndə heyətinə daxildir və o da tədbirlərə qatılıb.

Həmçinin, DTF-in taekvondo üzrə nümunəvi çıxışlar qrupu da paytaxtımızdadır. Onlar iyulun 29-da Dənizkənarı Milli Parkda nümunəvi çıxışlar ediblər. Bakı sakinləri idmançıların təqdim etdikləri tryukları böyük maraqla izləyiblər. Taekvondonun təbliğinə həsr olunmuş belə nümunəvi çıxışlar Sumqayıt və Qəbələ şəhərlərində də nəzərdə tutulub. Ölkəmizdə Cənubi Koreya respublikası nümayəndələrinin taekvondo ilə bağlı çıxışlarından başqa, mədəniyyət tədbirləri də keçirilir.