17:33 30-07-2013
news_image
960
DİGƏR NÖVLƏR

Dünya çempionatında 4-cü yer

Avstriyanın Lint şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilən dünya çempionatında İqor Luçiç və Luka Dordeviçdən ibarət Azərbaycan dueti 4-cü yeri tutub. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 2 nəfərlik sükansız qayıqla (BM2-) mübarizə aparan təmsilçilərimiz yarımfinalda 2000 metr məsafəni 6 dəqiqə 44,65 saniyəyə qət edərək, 3-cü olublar. İlk "3-lüy”ə düşməyi bacardıqlarından, onlar əsas finalda iştirak hüququna yiyələniblər.

Həlledici yürüşdə isə cütlüyümüz 6 dəqiqə 46,35 saniyə göstərici ilə 4-cü olub. Əvəzində Devid Hant – Vinsent Brit (CAR) dueti 6 dəqiqə 34,75 saniyə nəticə ilə qızıl, Anqus Mur – Aleksandr Hill (Avstraliya) dueti 6 dəqiqə 36,08 saniyə göstərici ilə gümüş, finişə 6 dəqiqə 37,04 saniyəyə çatan Miloş Vasiç – Radoye Deriç (Serbiya) dueti isə bürünc medal qazanıb.

Digər təmsilçilərimizə gəldikdə, İvan Antov – Boris Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla (BM2x) yarımfinal yürüşündə 6 dəqiqə 38,20 saniyə nəticə ilə 6-cı olub. İlk "3-lüy”ə düşə bilmədiklərindən, onlar B finalında (7 – 12-ci yerlər) yarışıblar. Bu dəfə isə finişə 6 dəqiqə 32,21 saniyəyə çatan cütlüyümüz yekunda 8-ci yerlə kifayətlənib.

Nəhayət, 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1x) mübarizə aparan Fərid Saadov E finalında 7 dəqiqə 47,87 saniyə nəticə göstərərək, yekunda 27 iştirakçı arasında 25-ci olub.

Qeyd edək ki, 2010-cu ildən etibarən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycan təmsilçiləri əsas finaladək irəliləməyi bacarıblar. 3 il öncə Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1x) gümüş, 2012-ci ildə qızıl medal qazanıb. Bundan başqa 2010-cu ildə Cavid Əfəndiyev – İqor Xmara dueti 2 nəfərlik yüngül çəkili qoşa avarlı qayıqla (BLM2x), 2011-ci ildə isə İskra Angelova qadınlar arasında 1 nəfərlik qayıqla (BW1x) mübarizədə əsas finalda 6-cı olub.