10:45 07-08-2013
news_image
901
DİGƏR NÖVLƏR

Qalve gölündə ilk olimpiya lisenziyası üçün - FOTO

Bu gün Litvanın Trakay şəhərində yeniyetmələr arasında akademik avarçəkmə üzrə dünya çempionatı start götürəcək. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Qalve gölündə keçiriləcək nüfuzlu yarışda 59 ölkədən 800-dək avarçəkən mübarizə aparacaq.

Bu çempionat 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Gələn il avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində keçiriləcək olimpiadada həm oğlan, həm də qız avarçəkənlərin 1 nəfərlik (JM1x) və 2 nəfərlik sükansız (JM2-) qayıqlarla iştirakına icazə veriləcək.

Azərbaycanı yeniyetmələr arasında son Avropa çempionu Boris Yotov təmsil edəcək. 17 yaşlı idmançımız 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bu qayıq tipində hamıdan çox – 36 ölkə öz avarçəkənini sifariş edib. Əsasnaməyə görə, Yotov olimpiadaya lisenziya qazanmaq üçün ilk “6-lığ”a düşməyi, başqa sözlə, finala yüksəlməyi bacarmalıdır. Buna nail olsa, o, yeniyetmələr olimpiadasına vəsiqə qazanan ilk Azərbaycan idmançısı sayılacaq.

Artıq Yotovun ilk rəqibləri də məlumdur. O, avqustun 7-də Bakı vaxtı ilə saat 20:30-da seçmə mərhələdə Nikolay Sirotsin (Belarus), Andreyya Slyukiç (Serbiya), Kristofer Mittendorf (CAR), Pyer de Loof (Belçika) və Esteban Paçeko Domingeslə (Meksika) yarışacaq. İlk 3 yerlərin sahibləri birbaşa 1/4 finala, sonrakı yerləri tutanlar təsəlli yürüşünə qatılacaqlar. Təsəlli yürüşləri ertəsi gün, 1/4 final yürüşləri isə avqustun 9-da olacaq. Avqustun 10-da yarımfinal, avqustun 11-də isə final yürüşləri keçiriləcək.

Qeyd edək ki, ötən il Trakay şəhərində keçirilmiş 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanın digər təmsilçisi Aleksandr Aleksandrov qızıl medal qazanıb.