16:41 10-08-2013
news_image
2209
DİGƏR NÖVLƏR

Dünya çempionatında tarixi nailiyyət!

Azərbaycan akademik avarçəkəni Boris Yotov 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasından apasport.az saytına verilən məlumata görə, 17 yaşlı idmançımız bu uğura Litvanın Trakay şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında imza atıb. 1 nəfərlik qayıqla (JM1x) mübarizə aparan Yotov yarımfinal yürüşündə də finişə hamıdan əvvəl çatıb.

O, 2000 metr məsafəyə yürüşün yarısını 4-cü keçsə də, 1500 metr məsafəni 2-ci qət edib, yekunda isə liderliyi ələ alaraq, 7 dəqiqə 12,34 saniyə nəticə ilə 1-ci olub. Serbiyalı Andriya Slyukiç 7 dəqiqə 15,21 saniyə nəticə ilə 2-ci, kubalı Orlando Sotolonqo isə 7 dəqiqə 18,48 saniyə göstərici ilə 3-cü olub. Qaydalara əsasən, ilk “3-lüy”ə düşənlər finala adlayıblar. Digər finalçılar isə Natan Veqrjinski-Şimçik (Polşa), Yan Helviq (Norveç) və Stepan-Adam Havliçek (Çexiya) olub. Həlledici yürüş avqustun 11-də Bakı vaxtı ilə saat 17:40-da olacaq.

Qeyd edək ki, 1 nəfərlik qayıqla Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziyanı ilk “6-lığ”a düşənlərin hamısı qazanıb. Boris Yotov Azərbaycanın yeniyetmələr olimpiadasına vəsiqə əldə edən ilk akademik avarçəkəni kimi tarixə düşüb.