10:01 25-08-2013
news_image
3493
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədliyə əvəzləyici tapılmadı

Sabah Braziliyanın paytaxtı Rio-de-Janeyroda kişi və qadınlar arasında cüdo üzrə növbəti dünya çempionatına start veriləcək. Apasport.az saytının xəbərinə görə, bu mötəbər yarışda Azərbaycan yığması da iştirak edəcək.

Olimpiya çempionu Elnur Məmmədlinin (81 kq) qatılmayacağı çempionatda ölkəmizi avstriyalı baş məşqçi Petr Zayzenbaherin rəhbərliyi altında biri qadın olmaqla 8 cüdoçu təmsil edəcək.

Kişilərin yarışında İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov və reytinq cədvəlində ikinci pillədə yer alan Elxan Məmmədov (hər ikisi 100 kq), qadınlarda isə yalnız Kifayət Qasımova (57 kq) yarışacaq.

Turnirin reqlamentinə görə, mundiala qatılacaq komandaların (həm kişi, həm də qadın yığması) heyəti 7+2 nəfərdən ibarət ola bilər. Göründüyü kimi, Azərbaycanın kişi yığmasında 60 və 100 kq çəki dərəcəsində iki cüdoçu yer alıb. Ancaq bununla belə, məşqçilər korpusu yığmamızın heyətində 81 və +100 kq çəki dərəcəsinə layiqli namizəd tapmayıb. 81 kq çəkidə həm Elnur Məmmədli, həm də Tural Səfiquliyev zədəlidi.

Yeri gəlmişkən, dünya çempionatında qalib və mükafatçılar reytinq xallarını xeyli yaxşılaşdıra biləcəklər. Belə ki, ilk üç yerin sahibi müvafiq olaraq 900, 540 və 360 reytinq xalı qazanmış olacaq.