00:02 28-08-2013
news_image
4437
DÖYÜŞ NÖVLƏRİ

Şixəlizadə medalsız qaldı - YENİLƏNİB

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə daha 2 dəst medal öz sahibini tapıb.

Bu çəkilərdən (66 kq, kişilər; 52 kq qadınlar) Azərbaycan yığması yalnız birində təmsil olunub. Təmsilçilərimizdən 66 kq çəki dərəcəsində Nicat Şixəlizadə Cənubi Amerikaya boş yerə getmədiyini sübut etməyə çalışsa da, bu istəyi alınmayıb.

İlk mərhələdən azad olan həmyerlimiz 1/32 finalda Bense Zambori (Macarıstan) ilə qarşılaşıb. Döyüş Nicat üçün kifayət qədər uğurlu alınıb. O, rəqibinə heç bir şans verməyib və cəmi 16 saniyəyə ipponla qalib gəlib.

Şixəlizadə 1/16 finalda Saşa Mehmedoviçlə (Kanada) üz-üzə gəlib. Cüdoçumuz kanadalı rəqibini də məğlub etməkdə çətinlik çıkməyib və növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/8 finalda Dimitri Draqin (Fransa) ilə üz-üzə gəlib. Nicat cəmi 1 dəqiqə 43 saniyəyə rəqibini ippona salıb.

İdmançımız 1/4 finalda Georgi Zantaraya (Ukrayna) ilə qarşılaşıb. Təəssüf ki, bu mərhələdə ukraynalı rəqibinə uduzan həmyerlimiz qızıl medal qazanmaq şansını itirib. Bürünc medal uğrunda təsəlliverici görüşə qatılan Nicat Masaaki Fukuokaya da (Yaponiya) məğlub olaraq, mundialı 7-ci yerdə başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə millimizdən İlqar Müşkiyevlə Orxan Səfərov (hər ikisi 60 kq) tatamiyə çıxıb və sonuncu mundialı 3-cü yerdə başa vurub. Qarşıdakı günlərdə hələ 5 idmançımız da mübarizəyə qoşulacaq.