21:23 28-08-2013
news_image
3654
DÖYÜŞ NÖVLƏRİ

Orucov 1/32, Qasımova 1/8 finalda uduzdu - YENİLƏNİB

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, bu gün Azərbaycan idmançılarından daha ikisi tatami üzərinə çıxacaq. Komandamızın heyətində Rüstəm Orucovla Kifayət Qasımova medal sayımızı artırmağa çalışacaq.

73 kq
Orucov mübarizəyə 1/64 finaldan başlayıb. Həmyerlimizin ilk rəqibi çinli Xianqfey Hu olub. Rüstəm bu görüşdə çətinlik çəkməyib. O, asiyalı rəqibini 3 dəqiqə 15 saniyəyə ippona salmağı bacarıb. Rüstəmin 1/32 finaldakı rəqibi macarıstanlı Mikloş Unqvari olub. Orucov bu dəfə eyni uğurunu təkrarlaya bilməyib və mundialla vaxtından əvvəl vidalaşıb.

57 kq
1/32 finaldan yarışa qatılan Kifayət Andrea Fleytasla (Paraqvay) üz-üzə gəlib. Təmsilçimiz cəmi 11 saniyəyə rəqibini ipponla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Qasımova 1/16 finalda İvelina İliyeva (Bolqarıstan) ilə qüvvəsini sınayıb. Cüdoçumuz bu dəfə mərhələ adlamağa 58 saniyəyə sərf edib.

1/8 final səddi isə Qasımova üçün keçilməz olub. Miryam Roperlə (Almaniya) qarşılaşan həmyerlimiz məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, yarışın ilk 2 günündə İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq) və Nicat Şixəlizadə (66 kq) çıxışını başa vurub. Onlardan yalnız Orxan komandamıza bürünc medal qazandırıb. Sentyabrın 1-dək davam edəcək mundialda hələ 3 cüdoçumuz nəyə qadir olduğunu göstərəcək.