11:03 28-08-2013
news_image
1158
DİGƏR NÖVLƏR

Azərbaycan idmançısı olimpiya çempionunu qabaqladı

Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Cənubi Koreyanın Çunqju şəhərindəki dünya çempionatında yarımfinala yüksəlib. Apasport.az saytının məlumatına görə, 1 nəfərlik qayıqla (M1x) çıxış edən Aleksandrov 1/4 final yürüşündə ilk “3-lüy”ə düşməyi bacarıb.

Onun rəqibləri arasında 5 qat dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Meyh Drizdeyl (Yeni Zelandiya), eləcə də 2000-ci il Sidney olimpiadasının bürünc mükafatçısı, 2002-ci ilin dünya çempionu Marsel Hakker (Almaniya) də olub. Hakker finişə hamıdan tez – 6 dəqiqə 57,37 saniyəyə çatıb. 2-ci yeri 6 dəqiqə 59,78 saniyə nəticə göstərən Aleksandrov tutub. Bolqarıstanlı Georgi Bojilov isə 7 dəqiqə 0,21 saniyə göstərici ilə 3-cü olub. Hər 3 avarçəkən əsas yarımfinala vəsiqə qazanıb.

Əvəzində Drizdeyl finişə 7 dəqiqə 1,70 saniyəyə 4-cü çataraq, mükafatlar uğrunda mübarizə şanslarını itirib. Halbuki o, 2000 metrlik məsafənin yarısını keçərkən 3-cü, sona 500 metr qalmış isə 2-ci yerdə olub. Həlledici bölümdə Aleksandrov və Bojilov tempi artıraraq, son olimpiya çempionunu geridə qoymağı bacarıblar. Bununla da dünyanın ən titullu avarçəkənlərindən biri sıradan çıxıb. Aleksandrov daha öncə Drizdeyli Henli Kral reqatasında da məğlub etmişdi. Onun 2012-ci il London Yay Olimpiya Oyunlarının finalında üstələdiyi Hakker isə bu dəfə əvvəldən sonadək birinciliyi əldən verməyib. Yeni zelandiyalı avarçəkəndən başqa ABŞ təmsilçisi Stefen Velpley (7:12.73) və iraqlı Heydər Hamarəşid (7:29.28) də əsas yarımfinaldan kənarda qalıb.

Qeyd edək ki, növbəti mərhələ yürüşləri avqustun 30-da olacaq.

Mənbə: amaf.az