13:45 29-08-2013
news_image
1493
DİGƏR NÖVLƏR

“Azərbaycan millisi son illər böyük irəliləyişə nail olub” - MÜSAHİBƏ

Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) prezidenti, Beynəlxalq Olimpiya Komitəsi prezidentliyinə namizəd Denis Osvaldın Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətinə müsahibə verib. Apasport.az saytının xəbərinə görə, FİSA rəhbəri Azərbaycanda avarçəkmə yarışları üçün normal şəraitin olmamasını bildirib.

- İzlədiyiniz yeniyetmələr arasında dünya çempionatında Azərbaycan akademik avarçəkəni Boris Yotov bürünc medal və 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazandı. Ümumiyyətlə, Azərbaycanda bu idman növünün vəziyyəti barədə hansı fikirdəsiniz?
- Hiss edirəm ki, Azərbaycan millisi son illər böyük irəliləyişə nail olub. Çox yaxşı avarçəkənləriniz var və onlar ölkənizə medallar qazandırırlar. Bu da inkişafın göstəricisidir.

- 2015-ci Avropa Oyunlarının proqramına akademik avarçəkmə növü salınmadı. Bu, nə ilə əlaqədardır?
- Azərbaycanda avarçəkmə yarışları üçün 2 yer mövcuddur. Biri Bakıdan 300 km uzaqda Mingəçevir şəhərindədir. Orada suyun vəziyyəti belə əhəmiyyətli yarışın keçirilməsi üçün münasib deyil və qonaqları qəbul etmək üçün lazımi infrastrukturu yoxdur. Digər məkan isə Bakı ətrafındakı Xocasən gölüdür. Orada isə su elə çirkli vəziyyətdədir ki, gölü təmizləmək lazımdır. Yalnız bundan sonra orada yarış keçirmək mümkündür. Yaxın 2 il ərzində isə oranı təmizləmək alınmayacaq. Gələcəkdə həmin göldə avarçəkmə üçün yaxşı imkanlar olacaq. Çox təəssüf edirik ki, Azərbaycanda avarçəkmə yarışlarının keçirilməsi üçün tələb olunan şəraitlər yoxdur.

- Azərbaycan avarçəkənləri Avropa və dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında yaxşı nəticələr göstəriblər. Bəs ölkəmizdə nisbətən aşağı səviyyəli beynəlxalq reqataların təşkili necə, mümkündürmü?
- Bəli. Amma bundan ötrü sizə yarışların keçirilməsi üçün yer lazımdır. Hazırda isə belə bir yer yoxdur. Aidiyyəti qurumlar ilk növbədə, Xocasəndəki gölü təmizləməli, sonra isə biz orada yüksək səviyyəli yarışlar keçirməliyik.

- Bəlkə bu məsələdə Azərbaycana köməkliyinizi göstərəsiniz?
- Təbii. Mən gənclər və idman nazirinizlə bu məsələni müzakirə etmişəm və öz köməyimizi təklif etmişəm. Ölkənizdə yarışlar keçirmək mümkündür. Suyun lazımi səviyyəyə gətirilməsi üçün ilk növbədə, göl təmizlənməlidir.

- Yaxın vaxtlarda ölkəmizə gəlişiniz gözlənilir?
- Şəxsən mən heç vaxt Azərbaycanda olmamışam. Hazırda sıx iş qrafikimlə əlaqədar yaxın vaxtlarda ölkənizə səfərim gözlənilmir.

- Bəs AMAF rəhbərliyi ilə münasibətləriniz hansı səviyyədədir?
- Federasiyanızın prezidenti Elçin Zeynalovu tanıyıram və xoş münasibətlərimiz var. İmkan düşdükcə, onunla müxtəlif tədbirlərdə bir araya gəlirik. Habelə, federasiyanızın rəsmisi Leyla Əliyeva ilə FİSA-nın konqresində görüşür və avarçəkmənin inkişafı və
populyarlaşması istiqamətində müzakirələr aparırıq. Biz Azərbaycanda avarçəkmənin inkişafını izləyir və dəstəyimizi veririk. Ümid edirik ki, yaxşı avarçəkənlərə malik olmaqla yanaşı, gələcəkdə səviyyəli beynəlxalq reqatalara da ev sahibliyi edəcəksiniz.