17:35 30-08-2013
news_image
1265
DİGƏR NÖVLƏR

“Azərbaycan idmançısını geridə qoyduğum üçün xoşbəxtəm”

Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Cənubi Koreyanın Çunqju şəhərində keçirilən dünya çempionatında əsas finala yüksələ bilməyib. Apasport.az saytının məlumatına görə, 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə yarımfinal yürüşündə Aleksandrov ilk "3-lük"dən kənarda qalıb. Finişə 7 dəqiqə 18,66 saniyəyə çatan təmsilçimiz 4-cü olub. Əvəzində çexiyalı Andrey Sinek (6:56.52), böyük britaniyalı Alan Kempbell (6:59.67) və litvalı Mindauqas Qrişkonis (7:02.54) əsas finala adlayıblar.

Aleksandrov isə Roman Röösli (İsveçrə), Dani Fridman (İsrail), Savarn Sinq (Hindistan), Georgi Bojilov (Bolqarıstan) və Artyom Kosovla (Rusiya) birgə B finalında (7 - 12-ci yerlər) çıxış edəcək.

Yarımfinal yürüşünün ardından 2012-ci il London Yay Olimpiya Oyunlarında, eləcə də son 2 dünya çempionatında bürünc medal qazanmış böyük britaniyalı akademik avarçəkən Alan Kempbell FİSA-nın (Beynəlxalq Akademik Avarçəkmə Federasiyası) rəsmi saytına açıqlama verib. O, dünya çempionatının yarımfinal yürüşündə Azərbaycan təmsilçisi Aleksandr Aleksandrovu geridə qoyduğu üçün sevincini gizlətməyib: “Çox yaxşı, sərt mübarizə oldu. Özümü yaxşı hiss edir və xoşbəxtəm ki, məni Henli Kral Reqatasının finalında geridə qoymuş Aleksandrovu bu dəfə üstələyə bildim. Hesab edirəm ki, finala vəsiqə qazanan bütün 6 avarçəkən medal qazanmağa qadirdir. Onların hamısına uğurlar arzulayıram. Amma daha çox özümün uğur əldə etməsini istəyirəm”.

Qeyd edək ki, digər yarımqrupdan isə medallar uğrunda Marsel Hakker (Almaniya), Anxel Furnier Rodriges (Kuba) və Roel Braas (Hollandiya) mübarizə aparacaq. Hər iki yürüş sentyabrın 1-də olacaq.

Mənbə: amaf.az