23:55 31-08-2013
news_image
874
DİGƏR NÖVLƏR

İdmançımız dünya çempionatının finalına çıxdı!

Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında Azərbaycanın daha bir kanoeçisi əsas finala yüksəlib. Apasport.az saytının xəbərinə görə, bu dəfə Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə həlledici mərhələdə iştirak hüququna yiyələnib.

30 yaşlı təmsiçimiz seçmə yürüşdə finişə 40 saniyəyə çataraq, 1-ci olub. Yarımfinalda o, 39,110 saniyə nəticə göstərsə də, 2-ci yeri tutub. Bununla belə, Demyanenko finala adlaya bilib. Həlledici yürüş sentyabrın 1-də Bakı vaxtı ilə saat 14:45-də olacaq. Kanoeçimizin rəqibləri Tomas Simart (Fransa), Naoya Sakamoto (Yaponiya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), İvan Ştıl (Rusiya), Yevgeni Şuklin (Litva), Nivalter Santos Xesus (Braziliya), Elder Silva (Portuqaliya) və Aleksandr Maksimçuk (Ukrayna) olacaq.

200 metr məsafəyə yürüşdəki digər təmsilçilərimiz isə medal şanslarını itiriblər. 1 nəfərlik kayak qayığı (K-1) ilə yürüşdə Mirnazim Cavadov seçmə mərhələni 36,595 saniyəyə qət edərək, 5-ci olub. O, yarımfinalda finişə daha tez - 36,095 saniyəyə çatsa da, 6-cı yeri tutub və C finalına (19 – 27-ci yerlər) çıxıb. Həmin yürüş sentyabrın 1-də baş tutacaq.

2 nəfərlik kanoe qayığı (C-2) ilə seçmə yürüşdə Sergey Bezuqlıy – Aleksey Kupin dueti finişə 39,674 saniyəyə çataraq, 6-cı olub. Yarımfinalda isə onlar 38,334 saniyə nəticə ilə 4-cü olaraq, əsas finala çıxa bilməyiblər. Duetimiz sentyabrın 1-də B finalında (10 – 18-ci yerlər) çıxış edəcək.

Qeyd edək ki, daha öncə Sergey Bezuqlıy – Aleksey Kupin cütlüyü 2 nəfərlik qayıqla (C-2) 500 metr məsafəyə yürüşdə əsas finala yüksəlib. Həlledici yürüş sentyabrın 1-də saat 18:35-də olacaq.
amaf.az