00:30 01-09-2013
news_image
3379
DÖYÜŞ NÖVLƏRİ

Bizim də dünya çempionumuz var!

Braziliyanın Rio de Janeyro şəhərində cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, yarışların altıncı günü Azərbaycan yığması daha bir medala sahib olub.

Belə ki, milli komandamızın heyətində Orxan Səfərovun (60 kq) “bürünc” qazanmasından sonra Elxan Məmmədov da fəxri kürsüyə yüksəlməyi bacarıb.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıllıqla Dominik Dyuqassen (Seyşel), Or Sasson (İsrail), David Alarza (İspaniya) və Takaşi Onoya (Yaponiya) qalib gələrək, finala yüksəlib.

Qızıl medal uğrunda görüşdə isə “Neftçi” İSM-in üzvü hollandiyalı Henk Qrola qalib gələrək, dünya çempionu olub.

Xatırladaq ki, indiyədək heç bir cüdoçumuz dünya çempionatının qızıl medalını qazana bilməmişdi. Əvvəllər Nazim Hüseynovla Elnur Məmmədli mundialın finalına çıxsalar da, sonda gümüş medalla kifayətlənmişdilər. Elxan Məmmədovun isə bundan öncə kolleksiyasında dünya çempionatının bürünc medalı var idi.

Bu çəkidə qüvvəsini sınayan daha bir idmançımız Elmar Qasımova gəlincə, o, ilk 2 cəhdində tatamidən qalib ayrılsa da, üçüncü görüşündə uduzub.