15:10 01-09-2013
news_image
1982
DİGƏR NÖVLƏR

Daha bir idmançımız dünya çempionu oldu

Almaniyanın Duysburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan kanoeçisi Valentin Demyanenko qızıl medal qazanıb. Avarçəkmə Federasiyanının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, 30 yaşlı idmançı 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə hamıdan güclü olub.

O, final yürüşündə finişə 38,462 saniyəyə çataraq, ən yaxın rəqibi, rusiyalı İvan Ştılı 0,255 saniyə geridə qoyub. Bürünc medala isə 39,060 saniyə nəticə ilə ispaniyalı Alfonso Benavides Lopes de Ayala layiq görülüb.

Amma bu, hələ son deyil. Bakı vaxtı ilə saat 18:35-də Sergey Bezuqlıy - Aleksey Kupin dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə final yürüşünə çıxacaqlar.

Valentin Demyanenko karyerasında 4-cü dəfə dünya çempionu olub. Daha öncə kanoeçimiz 2005, 2009 və 2011-ci illərdə planetin ən güclüsü olmağı bacarıb. Demyanenkonun aktivində 4 Avropa çempionluğu da var. O, 2009 və 2012-ci illərdə 200 metr, 2011-ci ildə isə 200 metr və 500 metr məsafəyə yürüşlərdə qitənin ən güclüsü sayılıb.

Xatırladaq ki, bu, son 2 gündə Azərbaycanın dünya çempionatında qazandığı ikinci qızıl medaldı. Dünən cüdoçumuz Elxan Məmmədov Braziliya təşkil olunan mundialda hamıdan güclü olmuşdu.