15:46 02-09-2013
news_image
767
DİGƏR NÖVLƏR

FİSA-ya yeni prezident seçildi

Cənubi Koreyanın Çunqju şəhərində Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) növbəti Konqresi keçirilib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, toplantıda ölkəmizi Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva təmsil edib.

Gündəlikdəki əsas məsələ FİSA-ya yeni prezident seçkisi olub. 179 seçicidən 117-nin səsini qazanan fransalı Jan Kristof Rollan (Jean-Christophe Rolland) bu vəzifəyə layiq görülüb. Digər namizədlər Con Bultbi (Avstraliya) və Trisia Smit (Kanada) müvafiq olaraq, 50 və 12 səs alıblar.

Rollan keçmiş akademik avarçəkəndir. O, 3 Yay Olimpiya Oyunlarında iştirak edib. 1996-cı il Atlanta və 2000-ci il Sidney olimpiadalarında bürünc və qızıl medallara yiyələnib, 5 dəfə dünya çempionu olub. 1994-cü ildə FİSA-da Atletlər Komissiyasına sədr təyin olunub, 2004 – 2011-ci illərdə FİSA İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərib. Elektrotexnika, elektronika və mühəndis kommunikasiyaları üzrə magistr dərəcəsi alıb.

Rollan FİSA-ya 1989-cu ildən rəhbərlik edən Denis Osvaldı 2014-cü ilin iyulunda əvəzləyəcək. Osvaldın özü isə akademik avarçəkmənin inkişafındakı 36 illik əməyi qarşılığında qurumun ömürlük fəxri prezidenti olacaq.

Konqresdə Trisia Smit FİSA-ya yeni vitse-prezident, Maykl Uilyams (Böyük Britaniya) yenidən xəzinədar, Lenka Vex İcraiyyə Komitəsinin yeni üzvü seçilib.

Akademik avarçəkmə üzrə 2017-ci dünya çempionatının Sarasota (ABŞ), 2018-ci il dünya çempionatının və 2015-ci il 23 yaşadək avarçəkənlər arasında dünya çempionatının Plovdiv (Bolqarıstan), 2015-ci il Dünya Kubokunun II mərhələsinin Vareze (İtaliya), III mərhələsinin və 2016-cı il olimpiya lisenziyalı Final Təsnifat Reqatasının Lütsern (İsveçrə), 2016-cı il Dünya Kubokunun III və son mərhələlərinin Poznan (Polşa) şəhərlərində təşkili qərara alınıb.

5 yeni ölkə - Benin, Botsvana, Mali, Səudiyyə Ərəbistanı və Sent-Vinsent və Qrenada FİSA-ya üzv qəbul olunub. Bununla da quruma üzv olan milli federasiyaların sayı 142-yə çatıb.