12:33 03-09-2013
news_image
968
DİGƏR NÖVLƏR

Nazir jurnalistlərə səsləndi: Gəlin, yığışaq, səfər edək

“Azərbaycanda heç vaxt yeni olimpiya kompleksinin açılıb təmirə bağlanma halı olmayıb”. Apasport.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

O, jurnalistlərə Olimpiya Komplekslərinə birgə səfər təklif edib: “Gəlin, yığışaq, təzə komplekslərə səfər edək. Bəzi olimpiya komplekslərində həqiqətən də problem var idi. Məsələn, Göyçay Olimpiya Kompleksinin tikildiyi ərazi əvvəllər zibillik idi. Zibilin üstündə nə qədər iş gördük ki, kompleks tikək”.

Nazir komplekslərin təmirə bağlanması yox, həmin qurğularda cari təmirin aparılma hallarının olduğunu bildirib: “Biz kompleksləri büdcədən əlavə vəsait götürmədən öz daxili imkanlarımız hesabına təmir etdirdik. Belə problemlər bütün dünyada olur. Çalışırıq ki, olmasın. Amma kompleksləri 40-dan artıq tikinti təşkilatı tikir. Birində təcrübə, digərində məsuliyyət daha çox olur. Heç bir kompleksdən istifadə edə bilmədiyimizi demək olmaz. Qaxdakı kompleks bir həftədir ki, açılıb. Hər cür şəraiti olsa da, müdir yoxdur. 2-3 nəfərin namizədliyini təklif etmişdilər. Kürdəmir olimpiya kompleksini Almaniyanın energetika şirkəti 2 kottec götürüb, onun sayəsində saxlayırıq. Mingəçevir Olimpiya Mərkəzi Rusiyanın avarçəkmə yığmalarının təlim-məşq toplantısı keçirməsi hesabına dolanır. Komplekslərimizdə acınacaqlı, qorxulu problem yoxdur”.