13:53 03-09-2013
news_image
1001
DİGƏR NÖVLƏR

Avarçəkmənin Bakı-2015-də olmamasını səbəbi açıqlandı

“Biz 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında kanoe ilə yanaşı, akademik avarçəkmənin də olmasını istəyirdik. Lakin sonradan bu alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

O, bu gün keçirdiyi mətbuat konfransında akademik avarçəkmənin Bakı-2015-in proqramında olmamasına münasibət bildirib. Rəhimovun sözlərinə görə, bu növ məsafə və yerləşmək problemi ortaya çıxdığı üçün yarışdan kənarda qalıb: “Bu növün Mingəçevirdə keçirilməsi planlaşdırılırdı. Şəhər Bakıdan 300 km məsafədən də artıq uzaqdır. Biz müzakirə etdik ki, idmançıların bir qismi yaxın ətraf rayonlarda yerləşdirilsin. Amma bu məqbul sayılmadı. Məsələn, Mingəçevirdə qalan idmançı ilə Şəkidən gələn avarçəkənin yarışa qatılması da düzgün deyil. Təbii ki, idmançıların ətraf rayonlarda qalmasına otel problemi zəmin yaradırdı. Çünki Mingəçevirdə cəmi 2 otel var ki, bunlardan da biri 48, digəri 30 nəfər qəbul edə bilər. Yaxınlarda da biri istifadəyə veriləcək. Bu isə 100 idmançını qəbul edəcək. Biz də bu yerləri yarışda olacaq kanoeçilər üçün nəzərdə tutmuşuq. Çünki idmançılar, məşqçilər və nümayəndə heyəti genişdir”.

Rəhimov Bakı ətrafında Xacəsən gölündə suyun təmizlənməsində problem yarandığını da açıqlayıb: “Açığı, biz öncədən yarışın məhz bu göldə keçirilməsini istəyirdik. Bunun üçün mütəxəssislər də cəlb etmişdik. Onlar öncə Avropa Oyunlarına kimi suyun təmizlənəcəyini bildirsələr də, sonradan ortaya problemlər çıxdı və gölün suyunun başqa yerə axıdılıb, yenidən su vurulmasını istədilər. Bu isə çətin məsələ olduğundan, akademik avarçəkmənin proqrama salınmaması qərara alındı”.

Qeyd edək ki, az öncə Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) prezidenti, Beynəlxalq Olimpiya Komitəsi prezidentliyinə namizəd Denis Osvald AMAF-ın rəsmi saytına müsahibəsində “Mingəçevirdə suyun vəziyyəti belə əhəmiyyətli yarışın keçirilməsi üçün münasib deyil və qonaqları qəbul etmək üçün lazımi infrastrukturu yoxdur. Digər məkan Bakı ətrafındakı Xocasən gölüdür. Orada isə su elə çirkli vəziyyətdədir ki, gölü təmizləmək lazımdır. Yalnız bundan sonra orada yarış keçirmək mümkündür. Yaxın 2 il ərzində isə oranı təmizləmək alınmayacaq”, - demişdi.