12:20 04-09-2013
news_image
2574
DÖYÜŞ NÖVLƏRİ

“Çoxları “artıq Elxanın kitabı bağlanıb” deyirdi” - MÜSAHİBƏ

Cüdo üzrə dünya çempionu Elxan Məmmədovun (100 kq) apasport.az saytına müsahibəsi

- Braziliyada keçirilən dünya çempionatının qalibi olmaqla, adınızı Azərbaycan tarixinə yazdırdınız. Bu “qızıl”a gedən yolu necə vərəqləyərdiz?
- Braziliyaya gedəndə qarşıma məqsəd qoymuşdum. Yüksək səviyyədə təlim-məşq toplanışları ardınca çempionluq qazanmaq xoşdu. Döyüşlərə gəlincə, birinci və final görüşlərimdə bir qədər həyəcanlı oldum. Çünki ilk döyüşdə israilli Or Sasson məndən 2 yuko xalı qabaqda idi. Lakin yekunda qarşılaşmanın başa çatmasına 8 saniyə qalmış onu ippona saldım.

- İdmançının tatamiyə qələbə üçün çıxması məlum məsələdi. Bəs siz hansı döyüşdən sonra çempion olacağınıza əmin olduz?
- Yaponiyalı Takaşi Ononu məğlub etdikdən sonra inamım daha da artdı. Amma finaldakı rəqibim də çox güclü idi.

- Azərbaycan cüdo tarixində 2 dəfə - Nazim Hüseynovla Elnur Məmmədli mundialda final güləşsə də, məğlubiyyətə üzülüb. Bu sizdə hansısa psixoloji gərginlik yaratmırdı?
- Əksinə, məsuliyyətimi artırırdı. Çünki irəlilədikcə zərrə qədər həyəcan və ya psixoloji gərginlik yox idi.

- Bəs necə fikirləşirsiz, bu tarixi hadisəni yeni baş məşqçinin avstriyalı Peter Zayzenbaherin uğuru kimi qiymətləndirilə bilərmi?
- Fikrimcə, tək onun deyil, federasiyamızın uğuru kimi qiymətləndirsək, daha düzgün olar. Rəhbərlik 8 aydır bizi dünyanın ən güclü komandalarının iştirakı ilə baş tutan təlim-məşq toplanışlarına göndərirdi. Buna misal kimi, cüdoçuları ilə öndə olan Yaponiyanı da göstərə bilərəm. Həmçinin, üzərimdə daha öncə bizi çalışdıran Ağayar Axundzadənin əməyi var. Zayzenbaher isə düzgün istiqamət verdi, bunun da yekunu çempionluq oldu. Yəni, bu, hamımızın uğurudur.

- Bəzi idmançılarımız dünya, Avropa və ya Olimpiya çempionu olduqdan sonra “ulduz xəstəliyi”nə tutulurlar. Ya məşqə gəlmir, ya yarış öncəsi “zədələri” üzə çıxır. Sizdə bu halın baş qaldırmayacağına inana bilərikmi?
- “Ulduz xəstəliyi” təkəbbürlükdən irəli gələn bir şeydir. Mən isə təkəbbürlü insan deyiləm. Bütün yarışlarda - dünya, Avropa və ya Olimpiya Oyunlarında qalib olmaq istəmişəm. Amma Allah qismət etməmişdi. Yəni, həmişə üzərimdə işləyib, məsuliyyətimi anlamışam. Çempionluğu da Allah bu dəfə qismət etdi.

- Amma nəzərə alaq ki, artıq yaşınız da kifayət qədərdir. 31 yaşınız var...
- Düzdü, bunu hamı deyir. Amma özüm də idmana bir qədər gec, daha doğrusu, milliyə 22 yaşında qoşulmuşam. Axundzadə komandaya çağırıb, təlim-məşq toplanışına aparıb. Halbuki, bəzi idmançılar həmin yaşda karyeralarını bitirirlər. Ancaq bizim “Gec gəlib, tez öyrənən” kimi atalar sözümüz də var.

- Siz 2010-cu ildə keçirilən dünya çempionatında bürünc medal qazanmışdız. Kolleksiyanızda Avropa çempionatının, “World Master”in və digər yarışlarında da mükafatları var. Uğurlu çıxışınızı Rio-de-Janayro-2016-da davam etdirib, aktivinizdəki medalları zənginləşdirəcəyinizə inanırsızmı?
- Ötən il çoxları “artıq Elxanın kitabı bağlanıb” və bu kimi sözlər deyirdilər. Bu idmandır, hər şeyi əvvəldən bilmək olmur. Mən də sabahla bağlı nəsə bilmirəm. Amma fikrim odur ki, Olimpiada-2016-ya tam gücümlə hazırlaşım. Ondan öncə isə Bakı-2015-də uğurlu çıxış edim. Sabahkı günümlə bağlı nə deyə bilərəm? Sözüm odur ki, məqsədim var.

- Sizin çəkidə yığmamızda perspektivli Elmar Qasımov da var. Necə fikirləşirsiz, bəlkə artıq onda da çəki artırma zamanı çatıb. Ən azından bizdə +100 kq-da medal üçün döyüşən idmançı yoxdur...
- O, həqiqətən öz sözünü deyən bir idmançıdı. Dünyada sayılıb, seçilən cüdoçudur.

- Cüdoda reytinq xalına görə Olimpiadaya lisenziya verilir. Siz bu hüquqa yiyələnəndən sonra Elmar kölgədə qalmayacaq?
- Yox, bir daha təkrar edirəm ki, sabahın işini bilmək olmaz. Hər şey Allahın əlindədir və sabah bəlkə reytinqdə Elmar məni keçəcək. Çünki o da çox güclüdür.

- Orxan Səfərovun “bürünc”ü və sizin “qızıl”ınız yığmamızın komanda hesabında da ən yaxşı göstəricisidir. Bir dünya çempionu kimi millimizin çıxışını necə qiymətləndirərdiz?
- Bəli, çox uğurlu nəticədir. 2001-ci ildə Elxan Rəcəbli ilə Rəsul Səlimov 3-cü olaraq, yığmamıza 2 medal qazandırıb. Ondan sonra hər dəfə tək-tək olurdu. Medal qazanmayan komanda yoldaşlarımızın çıxışı da yaxşı alındı. Onu mən deyil, yarışda mütəxəssislər bildirirdi. Məsələn, Gürcüstan və Rusiya millilərinin çalışdırıcıları “artırdığımızı” söyləyirdilər. Nicat Şıxəlizadə 7-ci oldu, digərləri ən azından 2-3 mərhələ keçdilər.