14:37 10-09-2013
news_image
993
DİGƏR NÖVLƏR

Azad Rəhimov Buenos-Ayresdə I Avropa Oyunlarına hazırlığı müzakirə edib

Sentyabrın 9-da Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin 125-ci sessiyasına səfəri çərçivəsində Avropa Olimpiya Komitəsinin (AOK) rəhbərliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə edib. Apasport.az saytının məlumatına görə, Buenos-Ayresdə baş tutan görüşdə AOK-un prezidenti Patrik Hikki də iştirak edib.

Bu gün isə Rəhimov London Olimpiya Oyunlarının baş icraçı direktoru lord Sebastyan Coe ilə görüşüb. Görüş zamanı I Avropa Oyunlarına hazırlıq işlərində London olimpiadasının uğurlu təcrübəsindən yararlanmaq və bu sahədə görülən işlər əsas müzakirə mövzusu olub.

Nazir Azad Rəhimovun Dünya İdman Mətbuatı Assosiasiyasının (AİPS) prezidenti Canni Merlo ilə görüşü zamanı isə gələn il aprelin sonunda Bakıda təşkil ediləcək AİPS-in 77-ci konqresinə hazırlıq işləri müzakirə edilib.

Nazir bu gün həmçinin, bir çox dünya və Avropa federasiyalarının rəhbərləri ilə də görüşüb.

Qeyd edək ki, AİPS-in 90 illik yubileyi gələn ildir.