09:15 12-09-2013
news_image
1166
DÖYÜŞ NÖVLƏRİ

7 boksçumuz dünya birinciliyində 1/4 finala yüksəlib

Ukraynanın paytaxtı Kiyevdə keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində 1/4 finalçıların adları məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, növbəti mərhələyə yüksələnlər arasında Azərbaycan milli komandasının 7 üzvü də var.

Yığmamıza ilk qələbəni 50 kq çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov qazandırıb. Həmyerlimiz 1/8 finalda macarıstanlı David Kovaçı məğlub edib – 2:1 (30:27, 29:28, 28:29).

Rövşən Musayev də (66 kq) komanda yoldaşının uğurunu davam etdirib. Boksçumuz İrlandiya təmsilçisi Luis Audli ilə görüşdə elə bir çətinlik çəkməyib. Nəticədə, hər 3 hakim Musayevin qələbəsini qeydə alıb.

1/4 finala vəsiqə qazananlar arasında Hüseyn Tarverdili (70 kq) də var. O, Bosniya və Hersoqovina idmançısı Sandro Poletana heç bir şans verməyib. Hər 3 hakim Tarverdilinin 30:27 hesablı qələbəsini qeydə alıb.

80 kq çəki dərəcəsində yarışan Şükran Mehdiyev də komandamızı qalibiyyətlə sevindirib. Millimizin üzvü 1/8 finalda litvalı Amoldas Taraskeviçusdan üstün olub – 3:0.

Axşam proqramında çıxış edən boksçularımızın da çıxışı uğurlu alınıb. Əvvəlcə Qüdrət Quliyev (52 kq) rinqi qalibiyyətlə tərk edib. Həmyerlimiz Rumıniya nümayəndəsi Marian Rutadan güclü olub – 3:0.

İsmayıl Hüseynov da (63 kq) məşqçilərin ümidini doğruldub. Boksçumuzun belaruslu Mixail Basiakovla döyüşdə çətinlik çəkəcəyi gözlənilsə də, o, rəqibindən bir baş üstün olub – 3:0 (30:26, 30:27, 30:27).

Elşən Qafarlının (48 kq) 1/8 finaldakı qələbəsi daha əlamətdar olub. O, avstraliyalı Ceyms Beazlini 3-cü raundda texniki nokautla məğlub edib.

Milli komandamızın üzvlərindən 1/8 finalda yalnız Şamil İbrahimzadə (60 kq) məğlubiyyətlə üzləşib. Boksçumuz Moldova idmaçısına uduzub.

Azərbaycan boksçularının 1/4 finaldakı rəqibləri

48 kq: Elşən Qafarlı – Conatan Lopez Markano (Puerto Riko)
50 kq: Ümid Rüstəmov - Maikel Barrero (Kuba)
52 kq: Qüdrət Quliyev – Jan Çhun-Hsien (Taypey)
63 kq: İsmayıl Hüseynov – Məhəmməd Abdilrasson (Finlandiya)
66 kq: Rövşən Musayev – Mark Qlev (Avstraliya)
70 kq: Hüseyn Tarverdili – Andrey Riqo (Slovakiya)
80 kq: Şükran Mehdiyev – Suray Mahmutoviç (ABŞ)