09:55 23-09-2013
news_image
1108
DİGƏR NÖVLƏR

III İslamiadaya start verildi - FOTOSESSİYA

İndoneziyada İslam Ölkələrinin III Həmrəylik Oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, əvvəlcə yarış üçün salınmış xüsusi şəhərcikdə Azərbaycan bayrağının qaldırılması, ardınca təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və nümayəndə heyətimizin digər üzvləri iştirak ediblər. Dövlət himnimizin sədaları altında Azərbaycan bayrağı yüksəldildikdən sonra təşkilat komitəsinin xüsusi hədiyyəsi Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Vagif Əliyevə təqdim edilib.

Günün sonunda isə “Gelora Sriwijaya Jakabaring” stadionunda Oyunların təntənli açılış mərasimi baş tutub. Azərbaycan komandası stadiona Əlcəzairdən sonra, ikinci daxil olub. Milli bayrağımızı ağırlıqqaldıran İntiqam Zairov aparıb.

Tədbirin rəsmi hissəsində İndoneziya prezidenti Susilo Bambanq Yudono çıxış edərək müsəlman dövlətlərinin birliyi baxımından İslam Həmrəylik Ölkələrinin oyunlarının böyük əhəmiyyət daşıdığını bildirib.

İndoneziyanın idman naziri Roy Surya və İslam Həmrəyliyi Oyunları Federasiyası (ISSF) rəhbəri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti şahzadə Nəvvaf bin Feysəl də çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Andiçmə və dua oxunmasından sonra meydan incəsənət ustalarına verilib.

Denni Malikin müəllifi olduğu “İslam həmrəyliyi ruhu” mövzusunda rəqs şousuna tamaşa etdikdən sonra, açılış mərasimi atəşfəşanlıq və bədii hissə ilə davam edib.

Bu gün Azərbaycan idmançılarından karateçilər və badmintonçular mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, növbəti, 2017-də IV İslam Həmrəyliyi Oyunları Azərbaycan paytaxtında keçiriləcək.