12:00 23-09-2013
news_image
2783
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan millisində daha bir Stadnik!

Ötən dünya çempionatı ilə müqayisədə Macarıstanda yeni başa çatan mundialda uğursuz çıxış edən güləş üzrə Azərbaycan milli komandası daha bir legionerlə güclənir. Apasport.az saytının məlumatına görə, Ukrayna mətbuatı bu ölkənin daha bir istedadlı idmançısının yığmamıza üz tutduğunu iddia edir.

Həmkarlarımızın yazdığına əsasən, Budapeştdəki dünya çempionatında qazanılan qızıl medal Alina Maxinya-Stadnik üçün Ukraynanın bayrağı altında əldə olunan son mükafatdır. Məsələ ondadır ki, 67 kq çəki dərəcəsində planetin ən yaxşısı olan 22 yaşlı idmançının gələcək karyerası Azərbaycanla bağlı olacaq.

Eltisi olan məşhur Mariya Stadnikin yolu ilə gedən Alina da bundan sonra üçrəngli bayrağımız altında iştirak etməyi planlaşdırır. Bunadək gənclər və yeniyetmələr arasında iştirak edən, bu il böyüklər arasında həm Avropa, həm dünya birincisi olan idmançının ölkəni tərk etmək qərarı Ukraynada böyük təəssüflə qarşılanıb.

Rusiyada anadan olan Alina hələ 3 yaşı olarkən ailəsi ilə birgə Ukraynaya köçüb. Yığmamızın daha bir milliləşən üzvü Mariya Stadnikin həyat yoldaşı Andrey Stadnikin kiçik qardaşı ilə ailə həyatı qurduqdan sonra bu soyadı daşıyan Maxinya millimiz üçün daha bir medal ümidi olmalıdır.

67 kq çəki dərəcəsində çıxış edən yığmamızın yeni Stadniki Olimpiadalarda Azərbaycana 2 medal qazandıran eltisi ilə eyni çəkidə yarışmadığından ona rəqib olmayacaq. Mariya London Olimpiadasında 55 kq çəki dərəcəsində çıxış edib.

Yeri gəlmişkən, Azərbaycan millisi 2011-ci ildə İstanbulda baş tutan dünya çempionatında 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanmışdısa, bu dəfə çempionluğa həsrət qalıb. Sərbəst, Yunan-Roma və qadın güləşində tam heyətlə Budapeştə yollanan yığmamız cəmi 2 gümüş və 2 bürünc medala sahib olub.