11:15 24-09-2013
news_image

“Həkimlərin köməyi ilə ayağa qalxıb döyüşdüm”

“Əslində, qızıl medal qazana bilərdim. Təsəvvür edin, sentyabrda bu mənim üçüncü yarışımdır. Əvvəlcə “İstanbul Open”, sonra Moskvada dünya yığma komandasının tərkibində Rusiya millisinə qarşı döyüş, ardınca da İslamiada”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan karateçisi Şahin Atamov deyib.

27 yaşlı idmançı İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarında millimizə ilk medalı qazandırdıqdan sonra Gənclər və İdman Nazirliyinin saytına açıqlama verib.

O bildirib ki, finalda uduzduğu iranlı karateçiyə qalib gəlməsində iqlim dəyişikliyə də rol oynayıb: “İqlim dəyişikliyi səhhətimə təsir etdi. Artıq Cakarta hava limanında həkimlərə müraciət etməli oldum. Təyyarədən yüksək temperaturla endim. Nümayəndə heyətimizin həkim qrupunun köməyi ilə ayağa qalxıb döyüşdüm. Lakin finalda artıq xəstəlik və bu üzdən yaranan yorğunluq döyüşməyə imkan vermirdi. Yoxsa həmin iranlını Gürcüstanda məğlub etmişdim. Həmişə də yarışlarda nəticələrim ondan yuxarı olub. Hər halda, bu vəziyyətdə göstərdiyim nəticə məni qane edir”.