13:11 24-09-2013
news_image
5763
DÖYÜŞ NÖVLƏRİ

Rafael Ağayev: Ən böyük arzum Bakı-2015-in qalibi olmaqdır

“Bu yarışda hər kəs məni favorit kimi görürdü və buna görə də səhvə yol verib məğlub ola bilməzdim”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) deyib.

Dünya şöhrətli idmançımız İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarında yığmamıza 2-ci qızıl medalı qazandırdıqdan sonra Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə açıqlama verib: “Düzdür, Misir idmançısı ilə döyüş bir az çətin oldu. Həmin idmançı gəncdir və onunla ilk dəfə idi döyüşürdüm. 3:0 öndə olsam da, bir anlıq arxayınlıq hesabın bərabərləşməsinə səbəb oldu. Vaxt azalırdı, əgər hesab bərabər qurtarsaydı yəqin ki, qələbəni ona verəcəkdilər. Son anda riskə gedib 3 xallıq fənd işlədərək onu yerə sərdim və əlavə zərbə sayəsində qələbəni təmin etdim. Finalda isə İran idmançısından güclü olduğumu sübut etdim”.

Ağayev bildirib ki, bu tək özünün qələbəsi deyil, bütün Azərbaycanın qələbəsidir: “Mənə dəstək olan hər kəsə - atama, anama, qardaşlarıma, Sumqayıtda 7 yaşımdan ilk məşqçim olmuş Rafayel Məmmədova, eləcə də yetişməyimdə böyük rolu olmuş Füzuli müəllimə, Yaşar müəllimə, Ülvi müəllimə, baş məşqçimiz Rəhman Hətəmova minnətdaram. Xüsusən, Rəhman müəllimin bizim nailiyyətlərimiz üçün çox zəhməti olub. Səkkiz il bundan öncə, I İslam Oyunlarının ən gənc iştirakçısı idim və 3-cü yeri tutmuşdum. İndi isə oyunların ən yaşlı karateçisi oldum və Allaha şükürlər olsun ki, Vətənə qızıl medala qayıdacağam”.

Dünya çempionumuz Bakı-2015-də də eyni uğuru təkrarlamaq arzusundadır: “Nə qədər ki, gücüm var, çalışacağam Azərbaycanımın bayrağını daim bax belə yüksələrə qaldırım. Hazırda ən böyük arzum 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarınn qalibi olmaqdır. Öz vətənimdə xalqımı sevindirmək istəyirəm. Bizim çox güclü komandamız var və təkcə islam dövlətləri deyil, bütün dünyada istənilən ölkəyə qalib gələ biləcək heyətimiz var”.

Qeyd edək ki, İslamiadada millimiz hələlik 2 qızıl medalla yanaşı, 1 gümüş medala da yiyələnib.