13:45 27-09-2013
news_image
6077
DÖYÜŞ NÖVLƏRİ

Bakıda beynəlxalq kikboksinq turniri keçirilib - FOTOSESSİYA

Sentyabrın 22-də “Sərhədçi” Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan Dünya yığmasına qarşı” peşəkar kikboksçuların beynəlxalq turniri keçirilib. Yeni Azərbaycan Partiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Kikboksinq Federasiyası, Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluğu ilə keçirilən turnirdə Azərbaycan yığma komandasının üzvləri ilə dünyanın 10 ölkəsindən olan seçmə kikboksçular nəyə qadir olduqlarını göstəriblər.

Sayca 3-cü dəfə təşkil olunan turnirdə Azərbaycanı Zabit Səmədov başda olmaqla 12 peşəkar kikboksçu - Şakir Xəlilov (54 kq), Elnur Dəryagir (63.5 kq), Anar Məmmədov (91 kq), Zamiq Atakişiyev (91+ kq), Eduard Məmmədov (63 kq), Turan Qafarov( 67 kq), Araz Pirməmmədov (71 kq), Ramal Aslanov (71 kq), Pərviz Abdullayev (73 kq), Xəyal Əhmədov (81 kq), Ağalar Sadıqzadə (93 kq) təmsil edib.

Turnirdə Azərbaycan yığmasının tərkibində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin respublika və beynəlxalq səviyyəli yarışlarda dəstəkçisi olduğu “Qızıl Əlcək” İdman Klubunun 4 idmançısı da təmsil olunub və onların hamısı döyüşləri qələbə ilə başa vurublar. Ümumilikdə, keçirilən 12 döyüşün nəticəsinə əsasən turnir 11-1 hesabı ilə Azərbaycan yığma komandasının qələbəsi ilə başa çatıb.

Turnirin ən yaddaqalan döyüşü 91 kq-da mübarizə aparan “Mauqli” ləqəbli Zabit Səmədovla serbiyalı Draqan Jovanovicin döyüşü olub. Rəqibi üzərində qələbə qazanan Zabit Səmədov döyüşdən sonra verdiyi qısa müsahibədə onun üçün qələbədən sonra başı üzərinə Azərbaycan bayrağını qaldırmağın qürurunun heç nə ilə əvəz edilə bilmədiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan Dünyaya qarşı” peşəkar kikboksçuların beynəlxalq turniri təkcə dünya səviyyəli idmançıları deyil, respublikamızın və dünyanın tanınmış idman, siyasət və biznes nümayəndələrini də tamaşaçı kimi bir araya gətirib.

Yarışların sonunda Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi Azərbaycanın inkişafı yolunda gördükləri işlərə və idmana göstərdikləri diqqət və qayğıya görə təşkilatçılar və sponsorlara təşəkkürünü bildirib.

Döyüşlər



1. ZABİT SƏMƏDOV ( 91+ kq) - DRAQAN JOVANOVIC (Serbiya)
2. ŞAKİR XƏLİLOV (54 kq) - TIMUR BUROV (Belarus)
3. ELNUR DƏRYAGİR (63.5 kq) - SEMIR DELIC ( Bosniya)
4. ANAR MƏMMƏDOV (91 kq) - MESUD SELIMOVIC ( Bosniya)
5. ZAMİQ ATAKİŞİYEV (91+ kq) - GALIMJAN UTEGENOV (Qazaxıstan)
6. EDUARD MƏMMƏDOV (63 kq) - YAGUB BERSANUKAYEV (Rusiya)
7. PƏRVİZ ABDULLAYEV (73 kq) - CONSTANTIN PASNICIUS (Rumıniya)
8. TURAN QAFAROV (67 kq) - ALEX WHITE (ABŞ)
9. ARAZ PİRMƏMMƏDOV (71 kq) - FABIANO ANTONIO DA SILVA (Braziliya)
10. RAMAL ASLANOV (71 kq), - VITALIY FARHUTDINOV (Ukrayna)
11. XƏYAL ƏHMƏDOV (81 kq) - NIELS WILMINK (Hollandiya)
12. AĞALAR SADIQZADƏ (93 kq) - TIMUR BEKTURGANOV (Qazaxıstan)


Bakıda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş peşəkar kikboksçuların beynəlxalq turnirində fəxri qonaqlar kürsüsündə əyləşən dünya şöhrətli idmançılar:

Remi Kennet Boncaski - (Hollandiya, Surinam). 2003, 2004, 2008-ci illərdə kikboks üzrə K-1 Dünya Qran Prisinin 3 qat çempionudur. 2008-ci il döyüşlərindən sonra ona "Uçan Centlmen" ləqəbi verilmişdir.

Sem (Semmi) Şilt - (Hollandiya). 2005, 2006, 2007 və 2009-cu illərdə kikboks üzrə K-1 Dünya Qran Prisinin 4 qat çempionu olub.

Namiq Abdullayev - (Azərbaycan). 1995, 1996 və 2003-cü illərdə sərbəst güləş üzrə Avropa çempionu olub. 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında inamlı qələbə qazanaraq birinci yeri tutub.

Yevgeni Podgornı – (Rusiya). 1996-cı ildə XXVI Yay Olimpiya Oyunlarında gimnastika üzrə çempion olub.

Sergey Tarasov – (Rusiya). 1994-cü ildə XVII Qış Olimpiya Oyunlarında biatlon idmanı üzrə çempion olub.