09:38 01-10-2013
news_image

Olimpiya çempionumuz “əlliliyi” də tərk etdi

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Almatıda keçirilən Qran-prinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün heç də uğurlu alınmayıb.

Belə ki, Peter Zayzenbaherin başçılıq etdiyi komandamız həmin yarışa qatılmadığından irəliləyən idmançımız da olmayıb. Əvəzində, 3 idmançımız geriləyib.

Son turnirlərə qatılmayan Olimpiya çempionumuz Elnur Məmmədlini (81 kq) bu dəfə daha 2 rəqibini özündən irəli buraxaraq, 51-ci yerə enib. Məmmədli kimi Tərlan Kərimov (66 kq) da 2 pillə aşağı düşüb – 37-ci yer. Onlardan fərqli, İlqar Müşkiyev (60 kq) 1 pillə geriləyərək, 15-ci yerdə qərarlaşıb.

Millimizin heyətində Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) isə mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 22-ci, 10-cu, 12-ci, 26-cı, 7-ci, 1-ci, 7-ci, 16-cı və 54-cüdür.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.