13:20 03-10-2013
news_image
2082
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli: Bu haqda heç kimlə danışa bilmərəm – MÜSAHİBƏ

Olimpiya çempionu, cüdoçu Elnur Məmmədlinin apasport.az saytına müsahibəsi

- Karyeranızı rəsmən bitirdiyiniz barədə məlumatlar yayılıb. Hətta bunu Cüdo Federasiyasının rəsmiləri açıqlayıb. Bu, nə dərəcədə düzgündür?
- Hələlik karyeramı bitirməklə bağlı qərar verməmişəm. Bu haqda yayılan məlumatlar düzgün deyil. Artıq qərar verməyimlə bağlı deyilənlərin hamısı yalan və boş söhbətlərdir. Düzdür, zədələrim var, bunları müalicə edirəm. Əgər yaxşı olsa güləşəcəm, olmasa qərarımı açıqlayacam.

- Sizin hətta federasiyada vitse-prezident vəzifəsinə təyin olunduğunuz da bildirilir...
- Nə? Yox, hələ belə bir şey yoxdur.

- Zədəniz yenidir?
- Köhnə zədələrdir. 2005-ci ildən sağ dizimdə 4 dəfə əməliyyat aparılıb. Amma hələlik əziyyət çəkirəm. Rio-de-Janeyroda baş tutan son dünya çempionatı öncəsi Belarusla hazırlıq zamanı çiynimdən də zədə aldım, çiynim çıxmışdı. Hazırda onu da müalicə edirəm. Əgər bu, uğurlu olmasa bir şey fikirləşəcəm.

- Onda karyeranızı davam etdirməkdə israrlısız?
- Bəs nə? Əsas məqsədim budur.

- Amma Olimpiya çempionu olduqdan sonra zəif çıxışınızla diqqət çəkdiniz. Onda belə çıxır ki, 25 yaşlı idmançı hələ özünü sübut etmək arzusundadır?
- Bəli, Allah qoysa.

- Bəs son qərarı vermək üçün nə qədər vaxta ehtiyacınız var?
- Hələ yekun qərar yoxdur. Versəm, burada gizlədiləsi nə var ki? Müalicədən sonra tatamiyə çıxacam, əgər ağrı olmasa, karyeramı davam edəcəm. Əgər problem olarsa, bitirəcəm.

- Müalicəniz çox çəkəcək?
- Yox, uzağı bir ay. İnşallah, oktyabrın axırında idmana qayıdacam, ya da idmanla vidalaşacam.

- Bu bərədə baş məşqçiniz Peter Zayzeybaherlə söhbətiniz olubmu?
- O, mənə müalicəmi davam etdirməyimi məsləhət görüb. Ağrıyıram... Axı, müalicəmi başa çatdırmamış kimləsə bu barədə söhbət edə bilmərəm.

- Çoxları belə düşünür ki, Pekin Olimpiadasından sonra yüksək vəzifə tutmağınız və kifayət qədər pulunuzun olması idmançı karyeranızı ikinci plana keçirib. Buna münasibətiniz necədir?
- Biz idmanla pula görə məşğul olmuruq. Azərbaycan idman ölkəsidir. Əsas məqsədimiz ölkəmizi, xalqımızı dünyaya tanıtmaqdır. Puldur, qonorarlardır, onlar bizim halal zəhmətimizin bəhrəsidir. Qələbə ilə qazanmışıq. Bu fikrin çıxışıma heç bir qarışacağı yoxdur. Pulun karyerama nə maneçiliyi var?

- Yəni ki, artıq gələcəyinizi idmansız da qurmusuz, cüdo sizin maraq dairənizdən çıxıb...
- Xeyr, mən pula görə idmanla məşğul olmamışam ki, ona görə də gedəm. Dövlət tərəfindən, cənab prezidentimiz İlham Əliyev tərəfindən bizim əziyyətimizə görə qonorar verilib.

- Bəs maraqlıdır, Olimpiadadan sonra məşqçi dəyişikliyi cüdo yığmamıza necə təsir edib?
- Yüksək səviyyədə inkişaf var. Maşallah, hər şey göz qabağındadır. Müstəqillik illərində cüdo tariximizdə ilk Olimpiya çempionu mən oldumsa, dünya çempionu adını Elxan Məmmədov qazandı. İnşallah, idmana davam edəcəmsə, bu uğurlara yenisini də əlavə etməyə çalışacam. Əgər alınmasa, məqsədim “elnurlar”ın çoxalması olacaq.

- Əgər zədəniz sağalmasa və karyeranı bitirməli olsaz, gələcək planlarınız bəllidirmi?
- Görək də... Mən bu barədə nəsə deyə bilmərəm. Federasiyamız, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi var. Mən əsgər adamam, harada işləməyi məsləhət görsələr, orada da çalışmağa hazıram.

- Azərbaycan millisi son yarışlarda sizin çıxış etdiyiniz 81 kq çəki dərəcəsində Tural Səfquliyevlə təmsil olunur. Karyeranızı bitirsəz, onu davamçınız saymaq mümkündürmü? Yaxud, sizi əvəz etmək gücündədirmi?
- Tural istedadlı, qanacaqlı uşaqdır. Sadəcə, uğur qazanmaq üçün üzərində bir qədər çox işləməlisən. O, gəncdir, gələcəyi irəlidədir. Əgər idmanı buraxsam, sırf Turalla işləyəcəm ki, ona cüdonun daha çox sirlərini öyrədəm.