15:52 03-10-2013
news_image
1481
STOLÜSTÜ OYUNLAR

“Mən Azərbaycan yığmasında olmayacam” - FOTO

“Təxminən 1 ay öncə internetdən oxudum ki, şahmat üzrə Azərbaycan millisinin kapitanı olmuşam. Xəbər məni çox təəccübləndirdi”. Apasport.az saytının məlumatına görə, bunu tanınmış şahmatçı Emil Sutovski deyib.

Belə ki, az öncə Bakıda doğulub, İsraildə yaşayan Peşəkar Şahmatçıların Assosiasiyasının (PŞA) rəhbərinin Avropa çempionatında kişilərdən ibarət millimizə kapitan təyin olduğu bildirilirdi. Lakin SOCAR-ın sabiq üzvü “facebook”da bunun yalan olduğunu açıqlayıb: “Baxmayaraq ki, dünyanın ən güclü komandalarından birinə rəhbərliklə bağlı çox yaxşı təklif almışdım. Lakin mənim şəxsi planlarım sonadək aydın deyildi. Bu üzdən həmin anda təklifi qəbul edə bilməzdim. Bu haqda “facebook” da yazmışdım. Yazdığımı oxusalar da, yenə məni yığmanın kapitanı kimi qələmə verməkdə davam etdilər. Sonda məsləyə tam aydınlıq gəldiyindən dostlarım və həmyerlilərim üçün açıqlaya bilərəm: Emil Sutovski Avro-2013-də Azərbaycan yığmasının kapitanı olmayacaq”.

Sutovski bu işi yığmamızda deyil, klublararası Avropa çempionatında debüt edəcək “Odlar Yurdu”nda həyata keçirəcəyini deyib: “Mənə ünvanlanacaq sualları qabaqlayaraq, deyim ki, Azərbaycanda şahmatın rəhbərləri ilə qarşılıqlı münasibətimiz qalmaqdadır. Lakin mənim tutarlı səbəblərim olduğundan belə məsuliyyətli postdan imtina etdim. Düzdür, bu xəbər mənim bir çox həmyerlilərimi məyus edəcək. Lakin cəmi 2 həftə sonra gənc azərbaycanlı şahmatçıları “Odlar Yurdu”nun heyətində klublararası Avropa çempionatına çıxartmalıyam. Orada isə oynayan məşqçi-kapitan rolunda çıxış edəcəm. Bizə azarkeşlik edin!”

Qeyd edək ki, ukraynalı Olimpiya çempionu Vladimir Tukmakov millimizdən getdikdən sonra kapitan postu boşdur.