12:58 09-10-2013
news_image

Uğursuz reytinq

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Özbəkistanda keçirilən Qran-prinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğursuz alınıb.

Belə ki, Peter Zayzenbaherin başçılıq etdiyi yığmamız həmin yarışa qatılmadığından irəliləyən cüdoçumuz da olmayıb. Əvəzində, 5 idmançımız geriləyib. Onlardan ən çox aşağı düşən Tərlan Kərimov (66 kq) olub. Ağayar Axundzadənin komandamıza rəhbərlik etdiyi vaxtda ön sıralarda gedən təmsilçimiz 8 rəqibini özündən irəli buraxmaqla, 45-ci yerə enib.

Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev və Elnur Məmmədli (hər ikisi 81 kq) də geriləyən arasındadır. Onlar hər biri 1 pillə aşağı düşərək, müvafiq olaraq, 11-ci, 13-cü, 27-ci və 52-ci yerdədirlər.

Bu cüdoçulardan fərqli, İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 15-ci, 22-ci, 7-ci, 1-ci, 7-ci, 16-cı və 54-cüdür.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.