15:10 21-10-2013
news_image

Azərbaycan yığması üçün uğursuz reytinq

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni açıqlanan siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün yenə uğursuz alınıb.

Belə ki, Peter Zayzenbaherin başçılıq etdiyi yığmamızda bu dəfə də irəliləyən cüdoçumuz olmayıb və yenə 5 idmançımız geriləyib. Onlardan ən çox aşağı düşən Ramilə Yusubova (63 kq) olub. Karyerası sual altında olan təmsilçimiz 10 rəqibini də özündən buraxaraq, 64-cü yerə enib. Tural Səfquliyev (81 kq) də geriləyənlər arasındadır. Həmyerlimiz 27-ci yeri 34-ə dəyişib. Bu idmançılar kimi Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) və Orxan Səfərov (60 kq) da mövqelərini qoruya bilməyiblər. Onlar müvafiq olaraq, 48-ci (-3), 12-ci və 23-cü (hərəyə -1) yerə eniblər.

Təmsilçilərimizdən İlqar Müşkiyev (60 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) isə yerlərində qalıblar. Onlar hazırda müvafiq olaraq, 15-ci, 13-cü, 52-ci, 7-ci, 1-ci, 7-ci və 16-cıdırlar.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.