11:03 25-10-2013
news_image
2578
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionu Azərbaycan millisinə “yox” dedi

Azərbaycan Güləş Federasiyasının növbəti milliləşdirmə cəhdi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, yığmamız rusiyalı güləşçi Abuyazid Mantsiqovu heyətinə cəlb etmək istəyib.

Bunu Rusiyanın Vladimir vilayətinin Güləş Federasiyasının yunan-Roma güləşi üzrə böyük məşqçisi Nadir Maqomedov açıqlayıb. O bildirib ki, yığmamız təkcə güləşçini deyil, mütəxəssisin özünü də Azərbaycana gətirmək istəyib: “Bizim yeniyetmələr arasında dünya çempionu olan güləşçimiz Abuyazid Mantsiqova Azərbaycana getmək üçün ayına 8 min dollar (6275 manat) və 3 illik müqavilə təklif edirdilər. Mən isə ayda 3 min 500 dollar (2745) qazanacaqdım. Onlar bizim Olimpiya Oyunlarına da orada hazırlaşmağımızı da istəyirdilər”.

Maqomedovun sözlərinə görə, Rusiyada daha az pul alsalar da, vətəndə çıxış etmək daha məqsədəuyğundur: “Vilayətimiz isə bizə ayda cəmi 6 min rubl (149 manat) edir. Biz isə əlbəttə ki imtina etdik. Mən getmək istəmirəm. Pul qazanmaq fikrim yoxdur, həyatda bu məqsədlə yaşamıram. Yetirmələrimi isə dəstəkləyirəm. Onlara burada daha yaxşı alternativ olmasına çalışıram. Elə tələbələrimin də hamısı məşqçisindən qaçmağa çalışmır. Yalnız məcbur olanlar gedir”.

Qeyd edək ki, az öncə Ukrayna millisinin güləşçisi Alina Maxinya-Stadnik də Azərbaycana gəlməkdən imtina etmişdi.