10:55 26-10-2013
news_image
1149
STOLÜSTÜ OYUNLAR

Emil Sutovski: Ümumi təəssürat uğursuz nəticəyə görə korlandı

“Biz demək olar ki, daha bir qəhrəmanlığı bacarmışdıq. Amma demək olar ki...”. Apasport.az saytının məlumatına görə, bunu “Odlar Yurdu”nun kapitanı Emil Sutovski klublararası Avropa çempionatında Sankt-Peterburq Şahmat Federasiyasına məğlubiyyətdən sonra deyib.

VI tura kimi uduzmayan Azərbaycan təmsilçisi rusiyalılarla görüşdə uduzaraq, liderlər qrupundan kənar düşüb. Amma buna baxmayaraq, debütantın kapitanı Sutovski bildirib ki, qarşılaşmadan zövq alıb: “Odlar Yurdu” Rusiya çempionu olan Sankt-Peterburq komandası ilə matçı bərabər səviyyədə keçirib, sonda məğlub oldu – 2,5:3,5. Şəxsən mən Pyotr Svidlerlə oyunda böyük həzz aldım. Parlaq oyun oldu, çoxdandır belə matçı keçirmirdim. Lakin ümumi təəssürat uğursuz nəticəyə görə korlandı.

Bakıda anadan olub, İsraildə yaşayan qrossmeyster bu gün baş tutacaq son turda “facebook” səhifəsindən azarkeşlərə də səslənib: “Püşk elə gətirdi ki, bu cür üzücü məğlubiyyətdən sonra bizə daha bir güclü komanda ilə üz-üzə gələcəyik. Bu, “Yuqra”dır. Beləliklə, “Odlar Yurdu” demək olar ki, yarışın bütün reytinq favoritləri ilə qarşılaşacaq. Uşaqlar üçün əla məktəbdir. Lakin bizi təkcə turnirin mənəvi qəhrəmanları saymasınlar deyə, sonuncu matçı uğurlu keçirməliyik. Bizə azarkeşlik edin!”.

Qeyd edək ki, “Odlar Yurdu” 6 görüşdən 3-də qələbə qazanıb, 2-də heç-heçə edib və 1-də məğlubiyyət acısı yaşayıb. Komandamız hazırda 8 xalla 8-ci yerdədir.