12:58 30-10-2013
news_image
1189
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan millisinə Bolqarıstandan baş məşqçi gəlir

Sərbəst güləş üzrə Azərbaycan yığmasının yeni baş məşqçisinin adı yaxın günlərdə rəsmiləşəcək. Apasport.az saytının məlumatına görə, daim əcnəbilərə tapşırılan millidə bu ənənəni növbəti dəfə bolqarıstanlı mütəxəssis davam etdirəcək.

Belə ki, martda baş tutan Avropa çempionatında zəif çıxış səbəbindən istefaya göndərilən dağıstanlı Saypulla Absaidovun vəzifəsinə müvəqqəti nəzarət Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Maqomed Əliömərova tapşırılmışdı. Nəticədə yığma dünya çempionatında da uğursuzluğa düçar oldu.

Bu səbəbdən də federasiya yeni baş məşqçi ilə bağlı qərar verməyi lazım bilib. wrestdag.ru portalına istinadən onlar axtarış üçün uzağa getməyib, bu ilin aprelindən yığmamızda çalışan Semyon Şterevə millinin “sükanını” həvalə edib. Halbuki, ondan öncə komandamızda böyük məşqçi işləyən Firdovsi Umudov güləşçilərimizi həmkarları ilə müqayisədə daha yaxşı tanıyırdı. Lakin üstünlük verməyən federasiya bolqarıstanlını seçməklə, Stanka Zlateva sevdasını gerçəkləşdirmək üçün addım atıb. Belə ki, xeyli əvvəldən bizimkilərin milliləşdirmək istədikləri 4 qat dünya çempionu məhz Şterevin yetirməsidir. Onun baş məşqçi təyin olunması tanınmış idmançının transferində böyük rol oynaya bilər.

Yığmaya Əliömərovun rəhbərlik etdiyi dövrdə bolqarıstanlı ilə yanaşı, yığmamızda çalışan David Xurtsiyanın yeni baş məşqçinin komandasında yer alıb-almayacağı, həmçinin Şterevin digər köməkçisinin kim olacağı bəlli deyil.

Qeyd edək ki, Şterev London Olimpiadasından sonra Bolqarıstan millisindən qovulmuşdu.