17:56 05-11-2013
news_image
1070
DİGƏR NÖVLƏR

“Olimpiya dərsliyi” çapdan çıxdı

Azərbaycanda idmanın daha da kütləviləşməsi və populyarlaşması məqsədilə yeni kitab çapdan çıxıb. Apasport.az saytı xəbər verir ki, “Olimpiya dərsliyi” adlanan nəşrdə qədim və müasir Olimpiya Oyunları ilə bağlı geniş məlumatlar öz əksini tapıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) dəstəyi ilə ərsəyə gələn kitabın müəllifi Səlahət Abbasovadır.

ADBTİA-nın müəllimi, eyni zamanda Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının məsul katibi vəzifəsində çalışan xanım yazar bildirib ki, “Olimpiya dərsliyi” 2 hissədən ibarətdir: “Burada ilk hissədə Qədim Olimpiya Oyunları haradan başlayır, ərazisi, iştirakçısı, geyim formaları, müxtəlif incəsənət müsabiqələri barədə geniş məlumatlar öz əksini tapıb. Müasir Olimpiya Oyunları bölməsində isə yaranma şəraiti və yaradıcılardan söhbət açılır. Burada, həmçinin Müasir Olimpiya Oyunlarının fəlsəfəsi, Beynəlxalq Olimpiya Komitəsinin missiyası, üzvləri, dəyərləri, Olimpiya məşəli və qadınların yarışda iştirakı ilə bağlı yazılara üstünlük verilib”.

Abbasovanın sözlərinə görə, kitab həm geniş oxucu kütləsi, həm də ümumtəhsil və ali məktəblər üçün nəzərdə tutulub: “Olimpiya dərsliyi”ndə oxucular yuxarıda qeyd etdiklərimlə yanaşı, Qədim və müasir Olimpiya Oyunlarının müqayisəli təhlilinə nəzər yetirib, Olimpiadanın mənşəyi, onun iddiaları və arxivinə baxışla ilə tanış ola bilərlər”.

ADBTİA-nın müəllimi kitabın faydasından da danışıb. Ölkəmiz 2015-ci ildə ilk Olimpiya Oyunlarına, 2 il sonra İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək ki, Olimpiya dərsliyi” də bu baxımdan idmansevərlərimizin köməyinə çatacaq: “Qarşıda Azərbaycanı 2 böyük yarış gözləyir. Kitab əhalinin Olimpiya təhsilinin yüksəldilməsi, onların Olimpiya dəyərlərini daha yaxından mənimsəməsi üçün əhəmiyyətli rol oynayacaq”.

Qeyd edək ki, “Olimpiya dərsliyi” satışda olmayacaq. Kitab əsasən təhsil ocaqları və idman qurumları üçün nəzərdə tutulub. Nəşrin sabah saat 12:00-da Park Bulvar Əyləncə Mərkəzində illüstrasiyalarından ibarət sərgisi təşkil olunacaq. Sərgiyə 50 şəkil təqdim ediləcək və bu, fotolarla da insanları maarifləndirmə məqsədi daşıyır.