04:55 07-11-2013
news_image
1008
FUTBOL

İlkay Gündoğan Türkiyə millisini seçməməyinin səbəbini açıqladı

Dortmund “Borussiya”sının türk əsil futbolçusu İlkay Gündoğan karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “NTV Spor”da yayımlanan “Çərçivə” verilişinin qonağı olan 23 yaşlı yarımmüdafiəçi Almaniya millisini seçməsinin səbəbini izah edib.

İlkay Türkiyə yığmasının ona təklif göndərmədiyini deyib: “Ən çətin qərarım milli komanda seçimim oldu. Həmin vaxt Türkiyə millisindən mənə təklif gəlməmişdi və almanlar mənimlə daha çox maraqlanırdı. Bu səbəbdən də Almaniya millisini seçdim”.

Gələcəkdə Türkiyədə bir klubda çıxış etmək istədiyini deyən İlkay həmyerliləri arasında ən yaxşı futbolçunun Arda Turan, baş məşqçinin isə Fatih Terim olduğunu bildirib. O, qardaş ölkədə forma geyinən ən yaxşı legionerin isə “Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba olduğunu deyib.

Qeyd edək ki, 2011-ci ildə “Borussiya”nın şərəfini qoruyan Gündoğan türk əsilli olmağına baxmayaraq, Almaniya milli komandasında çıxış edir.