13:20 07-11-2013
news_image
1456
DÖYÜŞ NÖVLƏRİ

“Bu, lap yerinə düşdü, bəlkə də “açılış” oldu” - MÜSAHİBƏ

Azərbaycan millisinin cüdoçusu Kifayət Qasımovanın apasport.az saytına müsahibəsi

- Azərbaycan çempionatında 57 kq çəki dərəcəsində çempion oldunuz. Çətin alınmadı ki?
- Çoxdandı Azərbaycan çempionatında iştirak etmirdim. Bu da rəqabətin olmamağından irəli gəlirdi. İndi isə yeni baş məşqçimiz Peter Zayzenbaher bütün idmançıların yarışa qatılması barədə qərar verdi və mən də çempionata qatıldım. Qızlar azdır, güclülər yenə yoxdur.

- Mübarizə apardığınız çəkidə yenə də sizə ciddi müqavimət göstərən olmadı?
- Hələ ki, yoxdur. Mən görmədim.

- Siz və Ramilə Yusubovadan sonra qız cüdoçu yetişmədi. Bunu nə ilə izah edə bilərsiz?
- Sözün düzü, əvvəl qızlara elə də diqqət ayrılmırdı. İndi-indi yarışlara aparmağa başlayıblar. Deyirdilər azdır, zəifdir və s... Təlim-məşq toplanışlarına, turnirlərə aparmırdılar. Bunlar da olmadan necə qabağa getmək olar? Mənə elə gəlir ki, səbəb budur. Amma indi yeni baş məşqçinin dediyinə görə, hər çəki dərəcəsində çempion olanlar yoxlanılacaq, onlar təlim-məşq toplanışına aparılacaq və yarışlarda sınanacaq.

- Bunu mentalitetlə də bağlamaq olar. Çox az Azərbaycan ailələri var ki, onlar qızlarının çüdoçu olması istəyər...
- İndi də çoxlarının fikri elədir. Düzdür, əvvəlki illərə baxanda qızların sayı artıb. Amma yenə də əksəriyyəti “qız nədir, cüdo nədir?” fikrində qalıb, yaxşı baxmırlar.

- Azərbaycan çempionatında digər çəkiləri də izləmisiz. Sizcə, yığmaya cəlb olunacaq yeni çempion qızlar millidə özünü göstərə biləcəklərmi?
- Ayşə Qurbanlı (48 kq), Şəhanə Hüseynova (52 kq), Xanım Hüseynova (60 kq) çempion oldular. Onlar pis deyillər, orta səviyyəli idmançılardır. Sadəcə, həmin cüdoçulara təlim-məşq toplanışlarında iştirak etmək, yarışlarda təcrübə toplamaq lazımdır. Bunlara əhəmiyyətli məsləhətlər də vacibdir. Əsas şərt budur. Yəni, yığmada özlərini göstərə biləcək 3-4 qızımız var.

- Müəyyən müddətdir, xüsusilə də London Olimpiadasından sonra fəxri kürsüdə yer ala bilmirdiniz. Bu çempionluqla “tilsimi” qırdığınızı və sizin üçün stimul olacağını gözləyəkmi?
- Hə, bu, lap yerinə düşdü, bəlkə də “açılış” oldu.

- Karyeranızda enişin səbəbi nə idi?
- London Olimpiadasından sonra mən 6-7 ay idmanı buraxdım. Məşq belə etmirdim. Sözün düzü, karyeramı bitirmək fikrim vardı. İdmançı da uzun müddət məşq etməyəndə formadan çox düşür. Federasiya rəsmiləri, baş məşqçimiz bildirdilər ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunları olacaq, burada uğurlu iştirak üçün məşq etmək lazımdır, ev sahibliyini ölkəmiz edəcək. Beləcə bir az həvəsləndirdilər, fikrimi dəyişib, yenidən idmana qayıtdım. Yəni, həmin vaxt formadan düşmüşdüm, geriləməyimə də səbəb bu idi. İndi haradasa 6-7 ay, bəlkə də 1 il lazımdır ki, həmin formaya düşəsən.

- Bəs cüdodan belə tez getmək istəyiniz nə ilə bağlı idi?
- Yorulmuşdum. Həm də evdən də deyirdilər bəsdir. Bu nə qədər davam edəcək? London Olimpiadasında da yer tutacağıma 100 faiz əmin idim və fikirləşirdim bu uğurun ardınca idmanla vidalaşaram. Lakin mükafat olmadı. Düzü, belə də cüdodan getmək istəyirdim. Fikrim qəti idi, atmışdım. Sonra... Nə bilim, yəqin belə qismətdir.

- Həmin istəyinizi ən azı Rio-de-Janeyro-2016-ya kimi təxirə salmağınız mümkündürmü? Yoxsa, Avropa Oyunlarını son yarışınız olacaq?
- Həmin Olimpiadan sonra 100 faiz idmandan gedəcəm. Yenidən karyerama Avropa Oyunları niyyəti ilə başlamışam və belə də baxanda ondan sonra Olimpiadaya cəmi 1 il qalır. Əgər 3-4 il qalsaydı, gedərdim. Amma 1 il qaldığı üçün yəqin ki, Rio-de-Janeyro Olimpiya Oyunlarında da güləşərəm.

- Bəlkə artıq “ağ atlı oğlan” var. Karyeranı da dayandırmağına səbəbkar odur...
- Yox. Bu yalnız özümün və evdəkilərin qərarı idi.

- Yəni, yaxın illərdə ailə qurmaq gündəmdə deyil...
- Xeyr. Bu, Olimpiadadan, karyeramı bitirdikdən sonra ola bilər.

- Onda artıq namizəd varmı?
- Yox, o da yoxdur.

- Ramilə Yusubova da Olimpiadadan sonra idmanla vidalaşmışdı. Amma yenidən Azərbaycan çempionatına çıxıb, 63 kq çəki dərəcəsində deyil, 70 kq-da çempion oldu.
- Bəli, o da cüdo ilə vidalaşmışdı. Ramilə məşqlərə indi-indi başlayır. Mən Olimpiadadan sonra 6-7 ay fasilə verdiyim halda, o yeni start verir.

- Milli komandamız barədə fikirləriniz də maraqlıdır. Peter Zayzenbaherin gəlişi ilə yığmamızda nə dəyişib? Dünya çempionatında qazandığımız uğuru onun adı ilə bağlamaq olarmı?
- Belə dəyişiklər çox olub. Çünki milliyə diqqət, yarışların və təlim-məşq toplanışlarının artması baxımından bu hiss olunur. Dəyişikliklər həmçinin hazırlıqda da özünü göstərir. Yüklənmələr çoxalıb, dəhşətli dərəcədə yoruluruq. Nəticələr də göz qabağındadır. Yəqin xeyri var ki, dünya çempionatında da 2 medal qazandıq. Amma fikrimcə, baş məşqçinin bizə gəlməyinin nə dərəcədə xeyirli olacağı Bakı-2015 və Rio-de-Janeyro-2016 bilinəcək.