11:40 08-11-2013
news_image
1662
DÖYÜŞ NÖVLƏRİ

Əli İsmayılov: Orda böyük pullar fırlanır - MÜSAHİBƏ

Veteran boksçu Əli İsmayılovun apasport.az saytına müsahibəsi

- Müəyyən müddətdir Daxili İşlər Nazirliyinin idman klubunda məşqçi kimi çalışırsınız. İşləriniz necə gedir?
- Bəli, burada böyüklər və yeniyetmələrlə çalışıram. Artıq 3 ildir. Amma bu məsul vəzifəyə yeni başladığımdan, rəhbərliyim altında əsasən yeniyetmələr hazırlıq keçirlər. Hər şey yaxşı gedir, uşaqlarına qarşıda özlərini doğruldacağına inanıram.

- Sizin peşəkar boks məktəbi yaratmaq fikriniz də vardı. Bu istiqamətdə hansı işlər görülür?
- Bu yolda da işlərimiz uğurla gedir. Artıq ilk döyüşünü Almaniyada keçirən Elçin (soyadını xatırlamır – red.) adlı perspektivli peşəkar boksçumuz var. O, super ağır çəkidə Belarus təmsilçisinə ikinci raundda nokautla qalib gəldi. Elçinin növbəti görüşlərinin Polşa və Avstriyada olacağı dəqiqləşib. Sentyabrdan onunla işləməyə başlamışıq. Super ağır çəki ən nüfuzlu çəkidir. Yüngül və orta ağır çəkililərlə hələ çalışmıram. Çünki Avropa və dünyada həmin çəkilərə böyük maraq göstərmirlər. Hər yerdə ağır və super ağır çəkilərə üstünlük verilir. Həm də özüm vaxtı ilə ağır çəkidə döyüşdüyümdən bunda təcrübəm də böyükdür.

- Sizin gedişinizdən sonra bir idmançının peşəkar rinqə çıxdığını dediniz. Amma dünya praktikasında görürük ki, peşəkar boks federasiyası və klubu olması bu idman növünün inkişafı çətindir...
- Ölkəmizdə həvəskar boksa daha çox üstünlük verilir. Amma dünyada həvəskar boks peşəkar boksa tramplin hesab olunur. Məhəmməd Əlinin vaxtından Kliçko qardaşlarına kimi bunun şahidi olmuşuq. Onlar da həvəskar boksda titullar qazanıb, Olimpiya çempionu olub, ardınca peşəkar boksa üz tutublar. Bəzi idmançılar isə dünya çempionluğunu daha vacib sayırlar.

- AİBA bu problemi fikirləşərək, peşəkar boksa alternativ kimi WSB liqasını yaradıb. Sizcə, bu peşəkar boksun yerini vermir?
- Bu, həvəskar boksçuların peşəkar boksa qaçmaması üçündür. Amma böyük pullar peşəkar boksda fırlanır. Bunu başa düşmək lazımdır. Həvəskar boksda isə hər şey dövlətin nəzarətindədir. Dünya çempionu olur, dövlət tərəfindən mükafatlandırılır, ona ev, maşın, fəxri adlar verilir.

- Deyirsiz peşəkar boksda yüksək pullar var. Klub yaratmaq da çətindir?
- Gənclər və idman nazirliyi ilə söhbətlər gedir. Bir qədər əvvəl klub açmaq istəyirdim. Dedilər ki, Olimpiada öncəsi lazım deyil, səbr elə. Olimpiya Oyunlarında sonra alınar. Artıq indi bunu etməyin vaxtıdır. Bizdə yaxşı idmançılar var. Zəmanət verirəm ki, 3 il ərzində güclü hazırlıq sayəsində nəticə verəcəyəm.

- Peşəkar boksda zədələr də çoxdur. Məsələn, ötən həftə rusiyalı Maqomed Abdusalamov kubalı rəqibi ilə döyüşdə karyerasında ilk dəfə nokauta uduzdu ki, bu da sonda komaya düşməsinə səbəb oldu...
- Bəli, zədələr çox olur. Həmin görüş də maraqlı alındı. Amma ağır çəkilərdə nokaut hər bir idmançının karyerasına son qoya bilər.